EN

Hüseyn Hüseynov: "Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"

Azərbaycanda ÜDM-də özəl sektorun payının 2026-cı ilə qədər 88 %-ə qədər artırılması hədəflənib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

"2022-2026-cı ilin sosial strategiyasında qeyri-neft ixracının həcminin 2021-ci ilə nisbətən 1,8 dəfə, qeyri-neft-qaz ÜDM-inin 1,3 dəfə artırılması və ÜDM-in artım tempinin 1,2 dəfə yüksəlməsi hədəflənib. Orta hesabla 2026-cı ilə qədər ümumi daxili məhsulun artım tempinin 3-4 % arasında saxlanılması hədəflənib", - deyə H. Hüseynov qeyd edib.

Onun sözlərinə görə, sosial sahə üzrə prioritetlərə nəzər salsaq, strategiyada 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında əsas hədəflərdən biri əmək haqlarının artırılması və layiqli həyat səviyyəsinin təmin edilməsinə dəstək göstərilməsidir: "Məşğulluq və muzdluların sayında özəl sektorun payının artırılması üçün zəruri stimulların verilməsi, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi, özəl sektorda şəhər və kənd arasında yaşayış standartlarındakı fərqlərin azaldılması sosial-iqtisadi inkişaf strategiyasında sosial blok üzrə əsas istiqamətlərdir".

Chosen
5
31
report.az

10Sources