EN

Ukrayna müharibəsində 20-dən çox amerikalı itkin düşüb, ölənlərin sayı da artır – CNN

Ukraynada müharibədə 20-dən çox amerikalı könüllü itkin düşüb. Bundan başqa, son yarım ildə Ukraynanın müdafiəsinə qoşulan xaricilərin arasında ölənlərin sayı kəskin artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN-in araşdırmasında deyilir.

Məlumata görə, son altı ay ərzində Ukrayna ordusuna qoşulan ən azı beş amerikalı könüllünün cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Yaxın vaxtlarda onlardan ikisinin cəsədi uzun sürən danışıqlardan sonra Rusiyanın işğalı altında olan ərazidən geri qaytarılıb.

Ukraynanın şərqində cəbhə xətti boyunca döyüşlərin intensivliyi səbəbindən həlak olanların cəsədləri tez-tez döyüş meydanından çıxarıla bilmir. Telekanal sentyabrın sonunda Ukraynanın şərqində, Pokrovsk yaxınlığında baş verən bir hadisədə həlak olan iki amerikalı könüllü barədə məlumat verib. Onların cəsədləri hələ də tapılmayıb. 25 yaşlı keçmiş amerikalı əsgər Zakari Ford və hərbi təcrübəsi olmayan digər amerikalı, ailəsinin yalnız "Qanter" kod adı ilə adlandırılmasını istədiyi şəxs Donetsk vilayətinin Novoqrodovka kəndi yaxınlığında körpünü partlatmaq tapşırığını yerinə yetirərkən həlak olub.

Hadisədən sağ çıxan "Rednek" kod adlı amerikalı bildirib ki, üç amerikalı könüllüdən ibarət qrup tez bir zamanda Rusiya atəşi altında tələyə düşüb. Onlar hədəfləri olan körpüdən təxminən 500 metr məsafədə, səngərdə olub. Daha sonra başlayan Rusiya hücumu nəticəsində bəzi ukraynalı döyüşçülər də həlak olub.

O, xatırladıb ki, Ford yaralanıb, ona turniket bağlanıb, lakin Zakari "bizim növbəti hücumdan sağ çıxarmayacağımızı bilirdi". Ford "Rednek"dən onu öldürməsini istəsə də, o, bundan imtina edib. Buna görə Ford öz turniketini boşaldıb. O, ölümündən əvvəl son arzusunun günəşi görmək olduğunu deyib:

"Mən onu qapıya tərəf çevirdim ki, başını qaldırıb günəşi görə bilsin və sadəcə əlindən tutdum. Onun son sözləri belə oldu: "Heç vaxt qoymayın desinlər ki, məni bu alçaqlar öldürdü".

"Rednek" bildirib ki, Fordun sözləri xarici döyüşçülər arasında geniş yayılmış hissləri əks etdirirdi. O, briqadasının itkilərinə görə "pis zabiti" günahlandırıb və onu "hər kəsi fərq qoymadan göndərən, adamları ət maşınına atan" şəxs kimi təsvir edib.

"Rednek" artıq ABŞ-dadır. O bildirib ki, onun bölməsi həmin ərazidən çıxarılıb. Daha sonra o, dron vasitəsilə çəkilmiş görüntülərdə Ford və "Qanter"in cəsədlərini görüb. Hazırda onların döyüşdüyü ərazi Rusiyanın nəzarətindədir.

"İndi siz deyə bilməzsiniz ki, bu, Amerika müharibəsi deyil. Müharibənin tənqidçiləri bunun Ukraynanın problemi olduğunu deməyə çalışırlar. Əgər indi sülh bağlaya bilsək, bununla məşğul olmaq məcburiyyətində qalmayacağıq. Ancaq həqiqət budur ki, bu, dayanmayacaq", – deyə "Rednek" bildirib.

Ölən amerikalıların repatriasiyası (cəsədin vətənə qaytarılması) mürəkkəb bir prosesdir. Ukraynanın Daxili İşlər Nazirliyinin itkin düşənlər üzrə səlahiyyətli nümayəndəsi Artur Dobroserdov təsdiqləyib ki, 20-dən çox amerikalı itkin hesab olunur. O əlavə edib ki, repatriasiya üçün yalnız qalıqların tam identifikasiyasından sonra istənilən hissəni təhvil verə bilərlər, çünki "ailələri yaxınlarının bir hissəsini dəfn edib, daha sonra başqa qalıqları da almasını istəmirlər".

Ukraynada amerikalı könüllülər arasında ölənlərin dəqiq sayı məlum deyil. Kiyevdə yaşayan və RT Weatherman Foundation adlı qeyri-kommersiya təşkilatında çalışan amerikalı Loren Qiyom xaricilər arasında ölən və itkin düşənlərin sayının artmasını onların ön cəbhədə, ağır şəraitdə döyüşmələri ilə izah edir. O bildirib ki, bu şəxslər əvvəlki hərbi təcrübələrinə görə ön cəbhədə yerləşdirilirlər:

"Biz görürük ki, xarici döyüşçülər çətin və riskli əməliyyatlarda boşluqları doldurur və vacib nəticələr əldə edirlər. Onların həyatı və qurbanları əbəs deyil".

Ukraynada müharibədə həlak olan xarici könüllülər

2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının başlanmasından sonra müxtəlif ölkələrdən olan vətəndaşlar Ukraynanın müdafiəsinə qoşulub. Bəziləri isə bu yolda öz həyatlarını itirib.

Bir neçə gün əvvəl Avstriyadan olan 30 yaşlı könüllü Rixard S.-in həlak olduğu məlum olub. Güman edilir ki, o, düşmən dronunun hücumu nəticəsində ölüb.

Bundan əvvəl isə Böyük Britaniyanın Şotlandiya Dağlıq bölgəsindəki Ardnamurxan şəhərindən olan 26 yaşlı hərbi tibb işçisi Cordan Maklaxlanın xidmətdə olarkən öldüyü bildirilmişdi./qaynarinfo.az/

Chosen
15
50
turkustan.az

10Sources