Brüsseldə imzalanmış üçtərəfli gizli hərbi paktın nəticələri üzə çıxır; politoloqa görə, Aİ müşahidə missiyası indi silahla təchiz olunacaq və bu, Azərbaycanın dövlət təhlükəsizliyinə açıq təhdiddir
Gözlənilən baş verdi - Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Brüsseldə qurumun Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması barədə qərar qəbul edib. Səfirlər Aİ müşahidəçilərinin daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalmasına imkan verəcək layihəni təsdiqlədilər.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni müşahidəçi. Rəsmi açıqlamaya görə, missiyanın müşahidə zonası Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanır.
Əlbəttə, şərti sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yox idi, indi də yoxdur. Azərbaycan hələ 2022-ci ilin oktyabrında buna razılıq vermişdi. Dəqiq desək, razılıq missiyanın cəmi iki ay ərzində fəaliyyət göstərməsini nəzərdə tuturdu. Lakin müşahidəçilərin regionda qalma müddəti bir neçə dəfə də uzadıldı.
“Yeni Müsavat” xatırladır ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan maddələrdən biri sərhəddəki üçüncü qüvvələrlə bağlıdır. Prezident İlham Əliyev “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə Azərbaycanın Aİ ilə təmaslarda bu məsələnin qaldırılacağını dilə gətirmişdi. Aydındır ki, Aİ-nin Ermənistandakı mülki missiyası kollektiv Qərbin Cənubi Qafqaz coğrafiyasından, belə demək mümkünsə, siyasi tutacaq yeridir. “Binokl diplomatiyası” fayda verməsə də, missiya məntiqi Qərbin gündəmindən düşmür. Onların baxışlarına görə, missiya gələcək üçün bazadır. Perspektivi Ermənistan hakimiyyətində də düşünürlər. Ermənistan iqtidarının təmsilçilərinin məqsədi Aİ-nin müşahidə missiyasını Azərbaycana qarşı mübarizədə daha işlək hala gətirməkdir. İndiki durum onlara sərf etmir və ara-sıra narazılıqlarını dilə gətirirlər. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2023-cü ilin mayında Praqada Transatlantik Münasibətlər Mərkəzindəki müzakirələr zamanı bildirmişdi ki, Aİ-nin müşahidəçiləri ölkəsinin təhlükəsizliyinə heç bir zəmanət vermir, əksinə yeni çağırışlar yarada bilər. Beləliklə, Ermənistan Aİ missiyasının özü üçün tam təhlükəsizlik çətiri funksiyası daşımasını istəyir. Ermənistanda Aİ-nin müşahidəçilərinin heç bir gerçək funksiya daşımadığını gözəl anlayırlar. Sadəcə, müstəvisində qərarlaşmaq baxımından başqa mexanizmi yoxdur. Təsisatın müddətinin uzadılmasının ən ciddi səbəbi də budur. Müşahidəçilərin daha iki il sərhəddə qalması həm də Kremlə qarşı “əzələ nümayişi”, mövqe savaşıdır.
Qəribədir ki, Ermənistan İranla sərhəddəki rus sərhədçilərindən azad olduğunu qürurla bəyan edir, lakin Azərbaycanla sərhədin qorunması üçün Aİ-dən yardım istəyir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfəri zamanı qürurla bəyan etmişdi ki, İrəvan artıq öz sərhədlərini müstəqil qorumaq iqtidarındadır. O, bu sözləri İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrində 1990-cı illərdən fəaliyyət göstərən rus sərhədçilərinin çıxarılmasını şərh edərkən bildirmişdi. Mirzoyanın sözlərinə görə, Aİ missiyası delimitasiya tam başa çatana qədər bölgədə qalacaq. Yeni mandatın uzadılması isə Bakı tərəfindən çoxsaylı suallarla qarşılanır, çünki missiya nəinki casusluqda, hətta ümumilikdə Cənubi Qafqazda sabitliyi pozmağa çalışmaqda şübhəli bilinir. Bundan sonra necə olacaq? Bakının israrını Aİ niyə qulaqardına vurdu? Azərbaycanın konturaddımları nədən ibarət ola bilər?
Zaur Məmmədov
Qərarı şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun fikrincə, bu, ya cənnət, ya da cəhənnəm deməkdir. Analitik güman edir ki, səbirli olmağımızın səbəbləri var: “Bu, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə açıq-aşkar təhdiddir və söhbət monitorinq adı altında çoxfunksional gedişlərdən gedir. Bu dəfə daha geniş formada. Əgər son iki ildə Avropa İttifaqının monitorinq missiyası kəşfiyyatçılıqla məşğul idisə, Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər gələcək iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdıracaqlar. Bu dəfə söhbət tamhüquqlu hərbi nümayəndəlikdən gedə bilər. Və daha bir məsələyə diqqət - təkcə Azərbaycanla şərti sərhədlərdə deyil, eyni zamanda İran və Türkiyə sərhədlərində!”
Politoloqun sözlərinə görə, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər təchiz olunacaqlar: “Buraya bu ilin yanvar ayında ABŞ-Ermənistan arasında "strateji tərəfdaşlıq" sənədində hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin baharında ABŞ-Ermənistan-Aİ arasında imzalanan sənədi əlavə etsək, SOS! siqnalının çalınması mütləqdir. Afrikada uğursuzluğa düçar olan Fransa, dünyada geosiyasi mövqeyini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım-addım məqsədlərinə çatmağı hədəfləyiblər. İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu, Azərbaycan və Türkiyə hərbi-təhlükəsizlik paktını ( Şuşa Bəyannaməsini belə də adlandırmaq olar) aktivləşdirə bilər. Qrenlandiyaya, Panamaya, Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olmasını başa düşməlidirlər. Hətta Zəngəzur olmasa belə. Torpaqları on illərdir işğal edən və qonşusuna ərazi iddiası olan dövlətin sərhədlərinə və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır. Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa, nə baş verəcək?"
Z.Məmmədov hesab edir ki, beləliklə, indi qərar vaxtıdır: “Regional dövlətlər qərar vermədikləri təqdirdə mövqe nümayiş etdirmiş olacaqlar. Ermənistan baş naziri yazıq obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir. Lakin baş verənlərə göz yumulması bir halda mümkündür - Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qovşaqda heç bir maneə olmur. Əgər Paşinyan 40 km-i faktiki olaraq Azərbaycanın himayəsinə verərsə, ən azından 9 000 kv km ərazini qoruya bilər. Qərb özü Zəngəzur dəhlizini açmağa vadar olacaq”.