
“ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb edir, əks halda danışıqlara başlamaq mümkün olmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin CBS teleşirkətinə müsahibəsində dövlət katibi Marko Rubio deyib.
Ötən həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, dövlət katibi Marko Rubio isə Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
CBS aparıcısı Rubioya Uitkoffun Moskvaya səfərindən sonra Rusiyanın hələlik qəti bir şey demədiyi, ona görə də bunun gecikdirici taktika olub-olmadığı ilə bağlı sual verib.
Rubio cavab verib ki, o, ABŞ-nin Rusiya ilə danışıqlar prosesini açıq şəkildə müzakirə etmək niyyətində deyil və Uitkoffun Putinlə görüşü ümidvericidir, lakin bəzi problemlər var.
ABŞ dövlət katibinin sözlərinə görə, böyük cəbhədə gedən çətin, üç illik müharibə var və onu bitirmək asan deyil.
Rubionun sözlərinə görə, ABŞ-nin “A Planı” tərəflər arasında atəşi dayandırmaq, “B Planı” danışıqlara başlamaqdır.
Dövlət katibinin sözlərinə görə, birinci mərhələ olmadan onlar ikinci mərhələyə keçə bilməzlər, çünki tərəflər bir-birinə atəş açdığı bir vaxtda razılığa gəlmək çətindir.
Qeyd edək ki, martın 11-də ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar nəticəsində Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifi ilə razılaşıb.