Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Qələbə Günü paradında iştirak edəcək, Prezidentin rəsmi saytında bildirilib.
Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevi Moskvaya İkinci Dünya müharibəsinin ildönümü ilə bağlı parada telefon danışığı zamanı dəvət edib.
Səfər ötən il AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskva və Bakı arasında münasibətlərin gərginləşməsindən sonraya təsadüf edəcək.
Qəza zamanı 38 nəfər ölüb.
İlham Əliyev qəza ilə bağlı Rusiyadan üzrxahlıq və kompensasiya tələb edib:
"Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.İkinci, öz günahını etiraf etməlidir. Üçüncü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir. Və Azərbaycan dövlətinə, zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".
Vladimir Putin qəzaya görə üzr istəyib. Ancaq rəsmi Bakının istəyinin əleyhinə olaraq, ordusunun təyyarəni vurduğunu etiraf etməyib. Sadəcə, qəza Rusiya səmasında baş verdiyi üçün üzrxahlıq edib.
Münasibətlərdəki istiləşmə, həmçinin, ABŞ Prezidenti Donald Trump-ın Putin tərəfdarı olmasını nümayiş etdirməsindən sonra baş verir.
Martın 15-də Belarus və Tacikistan prezidentləri Vladimir Putinin qonağı olublar və Prezident Əliyevə zəng ediblər, President.az saytı bildirir.
"İsti və dostyana keçən telefon söhbətində Prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafıyla bağlı müzakirə aparıblar", xəbərdə deyilir.
Ermənistan Baş naziri Nikol Paşinyan da martın 14-də Putinlə danışıb və onun Qələbə Paradına dəvətini qəbul edib.
Bu arada, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıda rəsmi səfərdədir.
O, həm İlham Əliyevlə, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb.
Mehriban Əliyeva ilə görüşdə tərəflər iki ölkə arasında strateji mütəffiqliyi vurğulayıb, ikitərəfli mədəni və humanitar əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar, rəsmi məlumatlarda deyilir.
Videonu Youtube kanalımızda izləyin.