EN

ABADA: Bu il avtodaşıyıcılara verilən “Karnet-TIR” təminat sənədinin sayı artıb

ABADA:

Bakı, 1 mart, AZƏRTAC

Son zamanlar avtodaşıyıcıların “Karnet-TIR” təminat sənədinə olan maraqları artıb. Ölkəmizdə avtomobil yük daşıyıcılarının daha səmərəli və effektiv fəaliyyət göstərmələri üçün Azərbaycan Respublikası 12 mart 1996-cı il tarixli 33-İQ nömrəli Qanunu ilə “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yükdaşımaları haqqında” gömrük Konvensiyasına qoşulub və beynəlxalq avtomobil yük daşımalarının sadələşdirilməsinə imkan yaranıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov bildirib.

K.Qurbanov vurğulayıb ki, ABADA 1993-cü ilin noyabr ayında qərargahı Cenevrə şəhərində yerləşən, beynəlxalq yük daşımaları (BYD) kitabçalarının (Karnet-TIR) tətbiqi ilə BYD Konvensiyasının dünya üzrə təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub. BYD sisteminə buraxılmasına ABADA-nın hazırlığı Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı tərəfindən yoxlandıqdan sonra 1997-ci ilin noyabr ayından Azərbaycan TIR sisteminə buraxılıb. O vaxtdan ABADA “Karnet-TIR” kitabçalarını Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından almağa başlayıb və indiyədək öz üzvlərini həmin kitabçalarla təmin edir.

“Assosiasiyanın əsas məqsədi Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımalarının inkişafına yardım etmək və “Karnet-TIR” Konvensiyasının şərtlərini respublika ərazisində yerinə yetirmək, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarının müdafiəsini təmin etmək və onlara kompleks şəklində kömək etməkdir. Beynəlxalq yük daşımalarının “Karnet-TIR” sistemi çərçivəsində həyata keçirilməsi daşıyıcılara və gömrük orqanlarına sadə, çevik, qənaətli, təminatlı və təhlükəsiz gömrük tranziti prosedurunun əldə edilməsinə imkan yaradır. “Karnet-TIR” sisteminin üzvləri gömrük ərazisində beynəlxalq yük daşımaları zamanı aralıq gömrük orqanında idxal və ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir”, - deyə K.Qubanov əlavə edib.

ABADA rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın gömrük ərazisində BYD (Karnet-TIR) əməliyyatı zamanı plomblanmış avtomobil vasitələrində və ya konteynerlərdə daşınan mallar, xarici ölkələrin aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Xarici ölkələrdə beynəlxalq daşımaların əksəriyyəti “Karnet-TIR” kitabçası ilə daşınır. Bu isə avtomobillərin sərhəd keçid prosedurlarının sürətləndirilməsinə, təyinat məntəqəsinə vaxtında çatmasına, baş verə biləcək hər hansı problem zamanı sürücünün və ya operatorun məsuliyyətdən azad edilməsinə səbəb olur. Hər hansı problem yarandıqda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU) dərhal məsələyə müdaxilə edir və problem həll olunur: “Ötən ilin yanvar ayında avtodaşıyıcılara 65, cari ildə isə 96 ədəd kitabça verilib. Ümumilikdə isə Azərbaycan avtodaşıyıcılarına beynəlxalq yük daşımasının BYD (Karnet-TIR)- təminat kitabçası ilə, yəni gömrük plombu və möhürü altında həyata keçirilməsini tövsiyyə edirik. Eyni zamanda bildiririk ki, şirkətin TIR sisteminə buraxılması üçün ABADA-nın Dövlət Gömrük Komitəsinə müraciət göndərməsindən 1 ay müddətində həll edildiyini nəzərə alaraq, şirkətin TIR sistemi üçün indidən ABADA-ya müraciət etməsini məqsədə uyğun hesab edirik”, - deyə, K.Qurbanov vurğulayıb.

Chosen
164
33
azertag.az

10Sources