RU

“1998-ci ildə İranda 1 dollara minik avtomobilinin yanacaq çənini doldurmaq olurdu... İndi isə...” - Sabiq səfir

Yazını böyüt
Yazını kiçilt

“Məhz Suriya rejiminə, eləcə də “Hizbullah”, “HƏMAS”, husilər və s. kimi proksilərinə çəkilən xərclər də İranın hazırkı ağır sosial-iqtisadi duruma düşməsinə gətirib çıxaran amillərdən biri olub...”

“Ölkədə interneti, onun resurslarını nə qədər məhdudlaşdırsalar da, İran vətəndaşları Suriyada illər boyu əslində hansı proseslərin getməsindən və rəsmi Tehranın baş verənlərdəki rolundan agah oldu. İran dövlətinin Əsəd hakimiyyətinin ayaqda qalması üçün oraya nə qədər yatırımlar etməsi, orada hərbi qüvvələrini saxlamaq üçün qoyduğu xərclər haqda məlumatlar əldə etdikcə əhalinin narazılığı artdı. Çünki xalq onu da gözəl anladı ki və anlayır ki, məhz Suriya rejiminə, eləcə də “Hizbullah”, “HƏMAS”, husilər və s. kimi proksilərinə çəkilən xərclər də İranın hazırkı ağır sosial-iqtisadi duruma düşməsinə gətirib çıxaran amillərdən biri olub”.

Bunu hafta.az-a açıqlamasında İranda gündən-günə ağırlaşan iqtisadi-siyasi durumdan danışan Azərbaycanın həmin  ölkədəki sabiq səfiri Abbasəli Həsənov söyləyib.

“Hazırda İranın nə ciddi xarici dəstəyi, nə də daxili maddi imkanları var və ölkədə vəziyyət getdikcə ağırlaşır. Hələlik sosial-iqtisadi sahədə... Bahalıq, inflyasiya, milli valyutanın dəyərdən düşməsinin üzərinə indi də elektrik enerjisi, qaz, istilik çatışmazlığı əlavə olundu. Və açığını deyim ki, çox gözlənilməz oldu bütün bunlar... Çünki ölkədə yetərincə qaz neft hasil edilir və son 40-50 ildə heç vaxt əhali belə bir ağır duruma düşməmişdi”, -deyə davamında diplomat bildirib.

“Təsəvvür edin ki, nəinki bölgələrdə, paytaxtda, digər iri şəhərlərdə, hətta havanın qış dövründə də xeyli isti olduğu cənub əyalətlərində də insanlar elektrik və yanacaqdan əziyyət çəkir. Yadımdadır ki, fevral ayında Ərdəbildə 35 dərəcə şaxta olduğu halda, Bəndərabadda, Kiş adasında 27-28 dərəcə isti olurdu, amma ölkənin heç bir yerində bu dərəcəcə işıq, yanacaq, istilik problemi yaşanmırdı. İndi isə İran iqtisadiyyatı o dərəcədə çöküb ki, tədris ocaqları, məktəblər, bir çox şirkətlər, müəssisələr işləmir. Bu da sözsüz ki, əhalinin ciddi narazılığına səbəb olub. Dövlət isə heç bir tədbir görə bilmir. Çünki bunun üçün maliyyə  vəsaiti yoxdur. Təsəvvür edin ki, iqtisadçıları  təxmini hesablamalarına görə, bu gün İranın neft sənayesinin bərpası üçün 160 milyard dollar, qaz sənayesinin bərpası üçün isə 80 milyard dollar vəsait lazımdır. Neft-kimya sənayesinin bərpası üçün 70-72 milyard dollar pul gərəkdir. Bu məbləğdə vəsait isə dövlətdə yoxdur. Artıq sosial şəbəkələrdə, internet saytlarında mütəxəssislərin iradlarıyla yanaşı, əhalinin də ciddi etirazları səslənməkdədir. Məsələn, vətəndaşlar soruşur ki, İran nəyə görə son dövrdə Suriyadakı Əsəd rejimi üçün, bəzi mənbələrin hesablamalarına görə, orta hesabla bir ildə 6 milyard dollar, son 11 ildə isə ümumilikdə  50 milyard dollar xərcləyib. Bütün bunlar da, təbii ki, əhalidə ciddi narazılığa səbəb olur. Artıq paytaxtda və bölgələrdə insanlar hələlik kiçik qruplarla etiraz səslərini ucaldırlar, pensiyaların, maaşların aşağı olmasında şikayət edirlər. Dövlət isə dediyim kimi, çıxılmaz durumda qalıb və heç bir tədbir görə bilmir. Çünki bu problemləri sözlə, vədlə həll etmək mümkün deyil. Hazırda dövlət rəhbərlərinin nə düşündüyünü bilmirəm, amma faktiki çıxış yolu yoxdur”, -deyə diplomat vurğulayıb.

Təsəvvür edirsiz, bu gün İranda artıq bir dollar 78 min tümənə bərabər olub. Halbuki yadımdadır ki, 1998-ci ildə İranda 1 dollarla minik avtomobilinin yanacaq çəninin doldurulmasının şahidi olmuşam.  O zaman ərzaq çatışmazlığı, yaxud işığın, qazın, suyun kəsilməsi heş ağıla sığışmazdı... İran rəhbərliyinin də son 45 ildə, yəni İslam inqilabından üzü bəri apardığı çox yanlış xarici siyasət Qərbin ona qarşı sanksiyalarını get-gedə ağırlaşdırdı və nəticədə ölkənin iqtisadiyyatı bugünkü acınacaqlı duruma düşdü. Bu fakt bir daha onu sübut edir ki, xarici siyasətlə daxili siyasət bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir”, -deyə sabiq səfir nəzərə çatdırıb.

Избранный
35
2
hafta.az

10Источники