RU

AZAL qəzasında Rusiya izinə dair iddialar Azərbaycan hökumətinə yaxın mənbələrdə güclənir

AZAL təyyarəsinin Rusiyanın havadan müdafiə sistemi tərəfindən vurulduğu iddia olunur, Reuters Azərbaycanda aparılan istintaq prosesinə girişi olan 4 mənbəyə istinadən yazıb.

Azərbaycanda hökumətyönlü caliber.az saytı da özünün "etibarlı hökumət mənbələrinə" istinadla yazıb ki, qəzanın ibtidai istintaqı zamanı "təyyarənin Rusiyanın Qroznıdakı Pantsir-S hava müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı" məlum olub.

Bundan əlavə, sayt iddia edib ki, Rusiyanın elektron hərb sisteminin müdaxiləsi nəticəsində Azərbaycan təyyarəsinin kommunikasiya sistemi "tamamilə iflic vəziyyətə salınıb".

Bununla belə sayt sərnişin təyyarəsinə edilən electron müdaxilənin, eləcə də hücumun "qəsdən edilmədiyini" və həmin vaxt Rusiya hərbi hava sistemlərinin Ukraynaya məxsus dronları hədəf almağa çalışdığını diqqətə çatdırıb.

Rusiya hökuməti çərşənbə günü Rusiyaya uçan və 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq edib.

Təyyarənin dağılan hissəsinə aid görüntülər gövdədəki zədələrin qəlpə izləri ola biləcəyi ehtimalını gücləndirir və bəzi aviasiya ekspertləri Azərbaycan Hava Yollarına aid təyyarənin Rusiyanın Çeçenistan Respublikasında hava hücumundan müdafiə sistemləri vasitəsilə vurula biləcəyi iddiasını ortaya qoyurlar.

Bakı-Qroznı reysi ilə uçan təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğramazdan əvvəl, Qroznıdan Xəzər dənizi boyu - Qazaxıstanın cənubuna tərəf istiqamətləndirilib.

Göyərtədə olan 67 nəfərdən 29-u xilas ola bilib. Azərbaycan qəza qurbanlarının xatirəsinə ehtiram olaraq cümə axşamı gününü milli matən günü elan edib.

"Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir", - Preizdent İlham Əliyev deyib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada bildirib ki, "araşdırma yekunlaşmamışdan əvvəl hər hansı fərziyyə irəli sürmək yanlış olardı. Əlbəttə, biz bunu etməyəcəyik və heç kəs bunu etməməlidir. Araşdırma bitənədək gözləməliyik".

Embraer 190 sərnişin təyyarəsi çərşənbə günü səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan uçub. Təyyarə Çeçenistanın Qroznı şəhərinə enməli olsa da, havanın dumanlı olması səbəbilə istiqaməti dəyişdirilib, hava şirkəti açıqlamasında deyib.

Sağ qalmış sərnişinlərdən biri Rusiya televiziyasına bildirib ki, pilot havanın qatı dumanlı olmasına baxmayaraq, iki dəfə Qroznıya enməyə cəhd edib, "üçüncü cəhddə isə nəsə partladı… təyyarə səthinin bəzi hissəsi havaya uçdu".

Təyyarə 450 kilometr şərqə Aktau hava limanına yönləndirilib. Yayılan videolarda enmə zolağına 3 kilometr qalmış təyyarənin sürətlə yerə doğru hərəkət etdiyi görünür. Daha sonra təyyarə alova qərq olur.

Qazaxıstan rəsmiləri təyyarənin "qara qutu"sunu aşkar ediblər və araşdırmalar davam edir. Qəzadan az sonra Rusiyanın dövlət mediaları qəzaya təyyarənin quş dəstəsi ilə toqquşmanın səbəb olacağı ehtimalını yazırdılar.

Aviasiya analitiki Richard Aboulafia Reuters agentliyinə müsahibəsində deyib ki, təyyarələr quş sürüsü ilə toqquşduqları zaman onlar bir qayda olaraq yaxınlıqdakı aerodromlara yönəldilir.

"Bu halda, təyyarədə idarəetməni itirə bilərsiniz, lakin bunun nəticəsində uzaq məsafəyə uçmağa ehtiyac olmur", - analitik əlavə edib.

Sibylline risk tövsiyə şirkətinin əməkdaşı Justin Crump hesab edir ki, təyyarənin həm içərisindəki, həm də çöl hissəsində olan zədələr göstərir ki, qəzaya Rusiyanın Qroznıdakı hava hücumlarından müdafiə sistemi səbəb ola bilər.

"Qəlpə izlərinə baxanda görürük ki, hava hücumundan müdafiə sisteminə aid partlayıcı təyyarənin arxa və sol hissəsində partlayıb", - Justin Crump BBC Radio 4-ə müsahibəsində deyib.

Rusiyanın İnquşetiya və Simali Osetiya regionlarındakı rəsmiləri çərşənbə günü dron hücumları barədə məlumatlar yayıblar, Reuters xəbər agentliyi yazıb.

Qazaxıstan Senatının rəhbəri Maulen Aşimbayev qəzanın səbəbinin hələlik bilinmədiyini qeyd edib.

"Nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan informasiyanın gizlədilməsində maraqlı deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq", - Aşimbayev deyib.

Göyərtədə olanların böyük əksəriyyəti Azərbaycan vətəndaşları olub, lakin orada müəyyən sayda Rusiya, Qazaxsıtan və Qırğıstan vətəndaşları da olub.

Video kadrlarda sağ qalmış şəxslərin dağıntılar altından sürünərək çıxdıqları və bəzilərinin üz və bədənlərində gözlə görünə bilən yaraların olduğu görünür. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir, onlardan 11-i intensiv müalicə altındadır, AFP xəbər agentliyi bildirib.

Braziliya istehsalı olan Embraer sərnişin təyyarəsi Boeing və Airbus təyyarə istehsalçılarının kiçik rəqibidir və çox güclü təhlükəsizlik göstəricisinə malikdir.

Избранный
70
41
bbc.com

10Источники