RU

Kubokla bağlı ədalətsiz qərar? - Sənan Abdullayev "Sumqayıt"la bağlı iddianı belə cavabladı

Məlum olduğu kimi, ölkə kubokunda mübarizə davam edir.

Daha doğrusu, gələn il fevralın 5-6-da 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Final matçı isə iyunun 1-də baş tutacaq. Bəli, hələ həmin günə 6 aydan bir qədər çox vaxt qalıb. Lakin artıq matçın keçiriləcəyi stadion bəllidi. Belə ki, ölkə kubokunun 2024/25 mövsümünün qalibi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda müəyyənləşəcək. Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təsdiqləyib:

“Bəli, hansısa fors-major hal yaşanmasa, final oyunu bu stadionda baş tutacaq”.

Təbii ki, həlledici görüşün müasir standartlara uyğun arenada keçirilməsi məqsədəuyğundu. Bu üzdən seçimin doğru olduğunu etiraf etməliyik. Onsuz da 9502 tamaşaçı tutumuna malik idman qurğusu ötən il istifadəyə verilib. Ölkəmizin ən böyük dördüncü stadionu statusunu daşıyan arenada hansısa çatışmazlıq yoxdu ki, burda həm premyer-liqa, həm də avrokubok görüşlərinin oynanılması mümkündü. Sumqayıtlı azarkeşlərin məlum futbol sevgisini də nəzərə alsaq, oyun günü tribunalar boş qalmayacaq. Xüsusilə finalçılardan biri “Sumqayıt” olsa...

Diqqətiçəkən məqam da elə budu. “Kimyaçılar” ölkə kuboku uğrunda mübarizədən çəkilməyib. 1/8 final mərhələsində evdə MOİK-i məğlub edən (3:1) komandanın növbəti rəqibi “Sabah”dı. Bəs mövcud durumda final matçının “Mehdi Hüseynzadə”yə salınması nə dərəcədə doğrudu? Konkret seçim üçün bir qədər gözləmək daha məqsədəuyğun olmazdımı? Axı belədə “gənclik şəhəri”nin təmsilçisi üçün əlavə motivasiya mənbəyi yaranır. Bu addımı ədalətli saymaq olarmı?

Bu suallarla PFL-in Media və marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdik:

“Futbol camiəsində həmişə əsas xahişlərdən biri kubokun final matçının yerinin öncədən açıqlanması olub. Bunu təşkilatçı qurum olaraq, biz də arzulamışıq. Amma bildiyiniz kimi, infrastrukturla bağlı ehtiyat tədbirlər əksər hallarda buna mane olub. PFL prezidentinin “hər hansı fors-major hal yaşanmasa,Azərbaycan kubokunun finalı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək” ifadəsi də təsadüfi deyil. Buranın seçilməsi futbol şəhəri olmasına baxmayaraq, infrastruktur səbəbindən uzun müddətdi Sumqayıtda final matçlarının keçirilməməsi ilə bağlıdı. Stadionun yeni olması hər mənada artıq imkanları genişləndirir. Futbolun daha bir gözəlliyinin - azarkeş axınının da olacağına şübhə yoxdu. O ki qaldı seçimin ədalətli olması məsələsinə, bu, az qala hər dəfə səslənir və heç vaxt da özünü doğrultmayıb. Dəfələrlə stadion öncədən açıqlandıqda belə, məkanın məxsus olduğu klubun qalib gəlməməsinin şahidi olmuşuq. İki il əvvəl “Baksell Arena”da (indiki “Neftçi Arena” – red.) “Neftçi”nin, finalın “Bank Respublika Arena”da keçirildiyi mövsümdə “Sabah”ın öncədən yenilməsini, Qəbələdə baş tutan həlledici qarşılaşmada “Qəbələ”nin “Keşlə”yə məğlubiyyətini nümunə kimi göstərə bilərik”.

Yeri gəlmişkən, “Mehdi Hüseynzadə” ilk dəfə ölkə kubokunun final oyununa evsahibliyi etmiş olacaq.

KƏNAN BAHADIR
Избранный
53
football-plus.az

1Источники