RU

Qısqanclıq və paxıllıq: Uşaqlarda bu hisslər nədən yaranır? - PSİXOLOQ

Bu gün xüsusilə kiçik yaşlı uşaqlar arasında dostlarına və hətta öz qardaş və bacılarına qarşı qısqanclıq və paxıllıq hisslərinin yaranması geniş yayılmış bir haldır.

 

Bu vəziyyət bir çox sual doğurur: uşaqlarda qısqanclıq hissini yaradan amillər nələrdir? Valideynlər bunun qarşısını almaq üçün nə edə bilərlər?

 

AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirib ki, uşaqlar valideynlərinin sevgisini və qayğısını tamamilə bölüşmək istəmirlər.

152874

“Əsas səbəblərdən biri uşaqların diqqətə ehtiyacıdır. Valideynlərinin sevgisini bölüşməkdən qaçırlar. Məsələn, yeni bir qardaş və ya bacının doğulması, uşaqda "mənim yerimi alacaq", qorxusu yaradır. Həmçinin, valideynlərin uşaqları müqayisə etməsi, məsələn, “bax, qardaşın nə qədər ağıllıdır”, kimi ifadələr də qısqanclığı gücləndirir”.

 

Psixoloq qeyd edir ki, valideynlər uşaqlarını müqayisə etməkdən çəkinməlidirlər:

 

“Hər bir uşaq fərqlidir və öz xüsusiyyətlərinə, üstünlüklərinə sahibdir. Valideynlər, hər uşağın özünəməxsus dəyərlərini vurğulamalıdırlar. Məsələn, “Sən çox yaradıcı düşünürsən, qardaşın isə musiqidə çox yaxşıdır”, demək daha məqsədəuyğundur”.

 

A.Məmmədova uşaqların qısqanclıq hisslərinin azalması və həmrəkliklərinin güclənməsi üçün bəzi tövsiyələr də verib:

 

“İlk növbədə uşaqlara fərdi diqqət ayırmaq çox vacibdir. Hər bir uşaq valideynləri ilə təkbətək vaxt keçirdiyini hiss etməlidir. Məsələn, biri ilə gəzintiyə çıxarkən digəri ilə evdə kitab oxumaq kimi xüsusi anlar yaratmaq bu hissləri azaldır. Eyni zamanda, valideynlər arasında yayılan “hər övladıma eyni davranmalıyam”, düşüncəsinə toxunmaq istəyirəm. Əslində, bərabər və ədalətli olmaq fərqlidir. Ədalət o deməkdir ki, hər uşağa öz ehtiyacına uyğun davranılır”.

 

Psixoloq vurğulayıb ki, valideynlər uşaqlarının fərqli ehtiyaclarına uyğun yanaşmalıdırlar:

 

“Məsələn, biri yeni oyuncaq istəyir, digəri isə sadəcə sizinlə vaxt keçirmək istəyir. Bu fərqliliyi anlamaq və hər uşağa uyğun davranmaq daha təsirli olacaq. Həmçinin, valideynlər övladlarını bir xarakterdə tuta bilməzlər, çünki hər bir uşaq fərqli emosional, hissi və düşüncə tərzlərinə sahibdir. Övladların şəxsiyyət kimi yetişməsi üçün bu fərqliliklərə diqqət yetirmək məqsədəuyğundur.

 

Konflikt zamanı tərəfsiz qalmaq çox vacibdir. Valideynlər uşaqları problemi birlikdə həll etməyə yönəltməlidirlər. Məsələn, “Oyuncağı necə bölüşə bilərsiniz ki, hər ikiniz oynaya biləsiniz?”, sualı ilə onları həll yoluna yönəltmək olar. Ailədaxili balansı yaratmaq üçün birlikdə edilən fəaliyyətlər də çox faydalıdır. Məsələn, ailə oyunları oynamaq və ya tapşırıqlar vermək (məsələn, otağı birgə yığmaq) uşaqları əməkdaşlıq etməyə öyrədir. Bu, onların bir-birinə münasibətini gücləndirir”.

 

Psixoloq son olaraq, valideynlərə səslənib:

 

“Səbirli olun və uşaqlarınızın hisslərini qəbul edin. Onlara qısqanclıq və paxıllığın təbii olduğunu, lakin bu hisslərin idarə oluna biləcəyini başa salın. Sevgi və diqqət ilə onların bir-birinə qarşı hörmət və anlayış hisslərini inkişaf etdirin. Həmçinin, siz də uşaqlıq dövrünüzü unutmayın və bu dövrün çətinliklərini dərk edin”.

Избранный
50
15
azedu.az

10Источники