RU

Süni intellekt gələcəkdə bu ixtisasları sıradan çıxara BİLƏR

"Yaxın gələcəkdə süni intellektin bəzi ixtisaslara təsiri qaçılmazdır".

 

Bu sözləri AzEdu.az-a ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev açıqlamasında qeyd edib.

 

Ekspertin sözlərinə görə, dünya müasir texnologiyaların inkişafı istiqamətində müəyyən məsafə qət edib:


“Robotlarla idarəetmə, pilotsuz uçuş aparatları və süni intellekt artıq gündəlik həyatımıza daxil olub. Süni intellekt öz inkişaf mərhələsindədir və yaxın gələcəkdə bütün sahələrdə açıq şəkildə hiss olunacaq. Yüksək insan zəkasının məhsulu olan süni intellekt o qədər inkişaf edəcək ki, bir çox ixtisaslar və peşələr ya azalacaq, ya da əhatə dairəsi məhdudlaşacaq. Süni intellekt insan beyninin rəqəmsal texnologiyadakı inqilabı hesab olunur.

 

Qeyd etmək olar ki, süni intellektin sürətli inkişafı həyatımızın ayrılmaz bir parçasına çevriləcək. Cəmiyyətin müxtəlif sahələrində süni intellektə olan ehtiyacın sürətlə artdığını görürük. Böyük şirkətlər və biznes sektoru artıq öz məhsul və xidmətlərində süni intellektin imkanlarından istifadə etməyə başlayıb. Pərakəndə satışdan tutmuş, istehsal və xidmət sahələrinə qədər müxtəlif sahələrdə süni intellektin tətbiqi genişlənir”.

 

Süni intellektin təhsildəki təsirini də dəyərləndirən ekspert qeyd edib ki, texnologiyanın inkişafı və rəqəmsal alətlər vasitəsilə bəzi ixtisaslar artıq sosial media və digər resurslar üzərindən öyrənilə bilir:

 

“Müasir dünya tələblərinə uyğun ixtisas seçən abituriyentlər, gələcəkdə əmək bazarında mövqelərini qorumağa çalışırlar. Bu səbəbdən, abituriyentlərin ixtisas seçərkən müasir texnologiyaların, xüsusilə də süni intellektin imkanlarını nəzərə almaları vacibdir. Süni intellektin bəzi ixtisaslara olan təsiri isə xüsusilə gözə çarpacaq.


Psixologiya sahəsində süni intellekt yüngül psixoloji problemləri həll edə biləcək. Artıq ağır psixoloji xəstələr xaricində, süni intellekt vasitəsilə psixoloji dəstək göstərilməsi mümkündür. Mühasibatlıq sahəsində də süni intellektdən geniş istifadə olunacaq. Mühasiblərin iş yükü azaldılacaq və ya onların yerini proqramlar alacaq.


Təhsil sahəsində müəllimlərin yerini süni intellektin tutması da mümkündür. Artıq bəzi məktəblərdə süni intellekt əsasında dərslərin keçirilməsi və qiymətləndirmələrin aparılması praktikasına rast gəlmək olur.

 

Mühəndislik və kompüter sahələrində yüksək texnologiya və süni intellektin tətbiqi, artıq yeni inqilabi dəyişikliklərə səbəb olur. Kompüter yönümlü ixtisaslar, xüsusilə də proqramlaşdırma və məlumat texnologiyaları sahəsində böyük inkişaf gözlənilir. Tərcümə ixtisaslarında da süni intellektin təsiri artacaq, müxtəlif dillər arasındakı tərcümələr artıq süni zəka proqramları ilə həyata keçiriləcək.

 

Hüquq, tibb, əczacılıqinsan resursları sahələrində də süni intellektin təsiri olacaq. Məsələn, məhkəmə sistemində süni zəkanın obyektivlik təmin edəcəyi gözlənilir və məhkəmələrdə verilən qərarlarla süni intellektin qiymətləndirmələri daha harmonik hala gələcək.

 

Bundan əlavə, kənd təsərrüfatı sahəsində də süni intellektin təsiri artır. Hətta bu sahədə texnologiyanın inkişafı ilə işçi qüvvəsinə olan tələbatın azalması qaçılmazdır.

 

Gənclər gələcəyin tələblərinə uyğun olaraq ixtisaslarını seçməli və texnologiya ilə ayaqlaşmalıdırlar. Süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə əmək bazarında mövqeyini qorumaq üçün abituriyentlər düzgün ixtisas seçməli və öz sahələrində ən yaxşı mütəxəssis olmalıdırlar”.

Избранный
52
50
azedu.az

10Источники