İngiltərə və Kanada banklarının keçmiş rəhbəri Mark Karni baş nazir Castin Trüdonun istefasından sonra Kanada Liberal Partiyasının lideri postuna namizəd ola bilər...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti Karninin bəyanatına istinadən məlumat yayıb.
"İngiltərə və Kanada banklarının keçmiş qubernatoru Mark Karni bu həftə baş nazir Castin Trüdonun istefa verməsindən sonra Kanada Liberal Partiyasının liderliyinə namizədliyini irəli sürməyi düşünür", deyə nəşr qeyd edib.
Yaxın günlərdə maliyyəçi belə bir addımı ailəsi ilə müzakirə etməyi və hakim Kanada partiyasının rəhbəri postuna namizəd olub-olmayacağına qərar verməyi planlaşdırır.
Yanvarın 6-da Kanadanın baş naziri Trüdo hakim Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini, lakin Liberallar yeni lider seçənə qədər hökumətin başçısı vəzifəsində qalacağını açıqlayıb. Onun bu qərarından əvvəl partiyanın nüfuzunun azalması və digər siyasətçilərlə konflikt baş verib.
Trüdo 2013-cü ilin aprelində Liberal Partiyasının lideri olub. 2015-ci ilin oktyabrında partiya hökumətdə çoxluq əldə edib. Onun dövründə partiya 2019 və 2021-ci illərdəki seçkilərdə də qalib gəlib.
Poliqon.info