Prezident İlham Əliyev Azərbaycanın yerli telekanallarına müsahibəsində Zəngəzur dəhlizininin açılacağını bəyan edib.
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar [Ermənistan-red.]bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır", - o bildirib.
Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı birləşdirəcək, eyni zamanda Türkiyə ilə birbaşa əlaqəni nəzərdə tutan layihədir.
Prezident Əliyev deyib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında "coğrafi maneə" olmamalıdır.
"Biz Azərbaycan olaraq, onlar üçün təhlükə mənbəyi deyilik", deyə o, Ermənistan hökumətinə ünvanladığı anlaşılan bəyanatında deyib.
Ermənistan və İran, Azərbaycanı Naxçıvama və oradan da Türkiyəyə birləşdirəcək bu yolun açılmasına qarşıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistan üçün "qırmızı xətt" olduğunu deyib. Bu ifadə, Zəngəzur yolu ilə bağlı danışan İran rəsmiləri, o cümlədən Ali Dini Lider Xameneyi tərəfindən də dəfələrlə istifadə olunub.
Azərbaycan öz torpağı olan Naxçıvana niyə başqa yolla getməlidir, deyə Prezident Əliyev sual edib.
Azərbaycan deyir ki, İkinci Qarabağ Müharibəsinin bitməsilə nəticələnən 10 noyabr 2020-ci il bəyannaməsində Zəngəzur dəhlizinin Azərbaycanın nəzarətinə keçəcəyi barədə müddəa var. Ermənistan rəhbərliyi isə deyir ki, Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə razılıq verməyib.
Zəngəzur dəhlizi nədir - onunla bağlı izahlı videoya YouTube kanalımızda baxın.