Xəbər verdiyimiz kimi ötən gün Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi bağlı xəbərlər yayılıb.
Lakin yayılan xəbərlərdə gəminin konkret hansı quruma aid olduğu təsdiqini tapmayıb.
News365.az xəbər verir ki, məsələ ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat yayıb.
Məlumatda deyilir:
“Dünən Afrika qitəsində gəmi saxlanılması ilə bağlı yayılan xəbərlər bir daha göstərdi ki, bəzi hallarda xəbərlərin vizual müşayiəti zamanı diqqətsizliklər baş verir. Saxlanılan gəmi ASCO-ya aid olmadığı halda, təəssüf ki, bəzi media orqanları xəbər mətnlərinə Xəzərdə üzən ASCO gəmilərinin fotolarını əlavə etdilər.
İlk növbədə deyim ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır.
Elə bunu nəzərə alıb xəbəri yayan ilkin mənbə ilə əlaqə saxladım və çox sağ olsunlar, məsələni anlayışla qarşılayaraq fotonu dəyişdilər. Lakin xəbər artıq bir çox saytlar tərəfindən tirajlandığı üçün hər biri ilə eyni anda əlaqə saxlamaq mümkün olmadı.
Bu, təəssüf ki, birinci hal deyil. Hər dəfə gəmilərlə bağlı bir hadisə baş verdikdə, bəzi media nümayəndələri internetdən tapdıqları fotoları heç bir dəqiqləşdirmə aparmadan xəbərlərə əlavə edirlər. Gəminin aid olduğu şirkət, ölkə və ya tipi nəzərə alınmadan edilən bu yanaşma jurnalistikanın əsas prinsiplərinə ziddir.
Bu səbəbdən bir həmkar olaraq xahiş və çağırış edirəm:
- Mövzu ilə bağlı fotomaterial yoxdursa, "simvolik foto" və ya "arxiv şəkli" qeydini mütləq əlavə edək.
- Hər hansı bir gəmi, texnika və ya hadisə barədə material dərc etmədən öncə rəsmi qurumlarla əlaqə saxlayıb məlumatı dəqiqləşdirək.
- Vizual elementlər xəbərlərin əhəmiyyətini artırır, amma onların düzgün seçilməməsi xəbərin mahiyyətinə zərər verə bilər.
Unutmayaq ki, peşəkar yanaşma yalnız cəmiyyətin informasiyaya olan inamını artırmaz, həm də medianın nüfuzunu qoruyar”.
News365.az