Ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.
Məlum olub ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynova Salyan rayonu, Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açıb. Növbəti gün cinayət hadisəsini gizlətmək üçün ərinin meyitini hissələrə bölərək, kənd ərazisindəki kollektora atıb.
News24.az xəbər verir ki, hadisə barədə danışan Röyal Hüseynovun qardaşı Vüsal Hüseynovun sözlərinə görə, qardaşı yoldaşı ilə əvvəldən yola getməyiblər.
"Bunlar maldarlıqla məşğul olduqlarından 15 ildir azyaşlı uşaqları ilə çöllərdə yaşayıblar. 17 dekabrda qardaşım yoxa çıxıb, həyat yoldaşı bizə 19-da məlumat verib. Biz də polisə müraciət etdik, ondan sonra qardaşım tapıldı", - deyə o bildirib.
Ər-arvadın aralarında münaqişədən danışan V.Hüseynovun sözlərinə görə, aralarında münaqişə olub ki, vəziyyət bu həddə çatıb: "Həyat yoldaşı qardaşımı özünə məxsus tüfənglə atəş açaraq öldürüb".
Qeyd edək ki, faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Ağa Dadaşzadə