RU

Müəllimlərin maaşı saat hesabına olmamalıdır

Ucqar kəndlər, müəllimsiz sinif otaqları, kəskin hava şəraiti, aşağı əmək haqqı…

 

Dağlıq kəndlərə müəllim təyin olunanların əksəriyyəti 3 ilinin tamam olmasını, yerdəyişmə etməyi gözləyirlər. Onların ən böyük problemi H1, H2 həvəsləndirici tədbirlərinin məbləği, yolpulu və kirayə haqqıdır.

 

Necə etmək lazımdır ki, kənd məktəblərində müəllim çatışmazlığı problemini yaşamayaq, bir müəllim 5 fənni tədris etmək məcburiyyətində qalmasın və rayondakı demoqrafik boşluq bərpa olunsun?

 

Təhsil mütəxəssisi Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib ki, müəllimlərin əmək haqqı sistemində dəyişiklik olmalıdır:

 

“Müstəqillik dövründə say baxımından zaman-zaman ən çox artan müəllimin əmək haqqı olub. Bu proses indi də davam edir. Çünki sertifikasiyadan keçənlərin əmək haqqı da müvafiq olaraq faizlərlə artırılır. Kommunal xərclərin, yanacağın qiyməti çox kəskin artmayıb. Bu baxımdan düşünürəm ki, artımlar müəllimin sosial vəziyyətinə ciddi təsir etməyəcək. Amma ümumilikdə təbii ki, enerji, kommunal xərclər, yanacaq ölkədə sosial duruma birbaşa təsir edən amillərdən biridir. Bu baxımdan təklif edərdim ki, müəllimlərin əmək haqqı sistemində dəyişiklik olsun. Müəllim maaşını saata uyğun almasın. Beynəlxalq təcrübədə insanlar müəllim vəzifəsinə qəbul edilir. Bu təcrübəni bizdə də təşkil etsək, müəllimin sosial rifahında dəyişiklik olacaq.

 

Hələ ki, minimum əmək haqqı artıb. Bu baxımdan ixtisas dərəcələrinə uyğun olaraq əmək haqqında artım müşahidə olunacaq. Amma müəyyən peşələr, ixtisaslar üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əmək haqqı, eləcə də tariflər və nəqliyyat pulu Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Hələ ki, nəqliyyat və digər qiymətlərdə dəyişikliyin olması barədə qərar yoxdur. Düşünmürəm ki, bu məsələ müəllimin sosial vəziyyətinə ciddi təsir göstərəcək”.

 

“Bir müəllimin bir neçə fənni tədris etdiyi yerdə keyfiyyətdən bəhs etməyə dəyməz”,-deyə E.Qafarov vurğulayıb:

 

“Az öncə qeyd etdiyim kimi, beynəlxalq təcrübədə namizəd müəllim vəzifəsinə qəbul olunur. Onun əmək haqqı vəzifənin içərisinə daxil olur. Yəni dərs saatı əmək haqqın müəyyənləşdirmir, maaş vəzifəyə görə verilir. Həmin müəllimə neçə saat dərs vermək isə məktəbin vəzifəsidir. Nazirlik maraqlıdır ki, müəllimə verilən maaşa görə dərs saatı ayırılsın. Əgər maaş qədər dərs saatı vermək alınmırsa, yenə də müəllim həmin maaşı almalıdır. 

 

Vəzifəyə görə əmək haqqı 16 saat müəyyən edilibsə və müəllim həmin saatdan çox dərs keçibsə, əlavə əmək haqqı alır. Azərbaycanda müəllim maaşı beynəlxalq standartlara uyğunlaşdırılarsa, o zaman müəllimin sosial rifahında dəyişiklik olacaq.

 

Amma düşünmürəm ki, bir müəllim bir neçə fənni tədris edərsə, keyfiyyətdən söhbət edə bilərik. Azərbaycanda təhsil şagirdyönümlüdür. Müəllim təhsil almadığı, ixtisasına uyğun olmayan fənni necə tədris edə bilər? Təbii ki, bu şagirdlər tərəfindən də xoş qarşılanmaz”. 

Избранный
35
1
azedu.az

2Источники