“Kaliforniyada sığortaçıların itkiləri 20 milyard dollara çata bilər” – “JPMorgan”
“ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində sığorta şirkətlərinə dəyən zərər 20 milyard dollar, ümumi zərər isə 50 milyard dollar təşkil edə bilər”. Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” “JPMorgan”ın məlumatına istinadən məlumat yayıb. Amerika bankının müştərilərinə göndərdiyi məktubda qeyd edilib ki, sığortaçıların zərər proqnozu iki dəfə artırılıb - bir gün əvvəl itkilər 10 milyard dollar həcmində qiymətləndirilib. Təhlilçilər qiymətləndirmənin bu qədər kəskin artmasının səbəbini yanğınsöndürənlərin yanğınla mübarizədə uğurlarının məhdud olması və onun yeni ərazilərə yayılması ilə izah edirlər. “Yanğınlardan iqtisadi itki gözləntiləri dünəndən iki dəfədən çox artaraq təxminən 50 milyard dollara çatıb və biz bu hadisədən sığortalanmış zərərin 20 milyard dolları keçəcəyini gözləyirik (yanğınlar nəzarət altına alınmasa, daha da artacaq)”, - məlumatda deyilib.