RU

ABŞ Cənubi Qafqazda təhlükəsizlik məsələsində Azərbaycanın səylərinə töhfələr verə bilər ŞƏRH

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycanın Gürcüstan, İran və Rusiya ilə ortaq sərhədi, Türkiyə ilə sıx strateji müttəfiqlik əlaqələri, Avropanın enerji bazarlarında oynadığı əhəmiyyətli rol, NATO ilə tərəfdaşlıq münasibətləri ABŞ-ı regionla əlaqədar yeni çərçivə hazırlamağa vadar edir. Bu cəhətdən Donald Tramp administrasiyası Azərbaycan-ABŞ qarşılıqlı maraqlarının gücləndirilməsinə üstünlük verməyi həmin çərçivənin daxilində prioritet kimi təsnifatlandıra bilər. Çünki ABŞ-ın regionda strateji maraqlarına nail olmaq üçün qət edəcəyi məsafə Azərbaycanla münasibətlərin xarakterindən asılıdır. Donald Tramp prezidentliyi dövründə Vaşinqtonun regional siyasət maraqlarını gücləndirməkdən ötrü Azərbaycanla intensiv diplomatiya proqramlaşdırmasına və təhlükəsizlik sahəsində fəal müzakirələrin təşkilinə maraq göstərə bilər. Tramp administrasiyasının Co Baydendən fərqli olaraq regionla bağlı siyasətini Ermənistana dəstək kampaniyası üzərindən qurmayacağı da proqnozlaşdırıla bilən ssenaridir. Azərbaycanın da bu istiqamətdə ABŞ-dan gözləntiləri var. Bu gözləntilər özünü doğrultsa, ABŞ Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizlik təşəbbüslərinin inkişaf etdirilməsində Azərbaycanın səylərinə əhəmiyyətli töhfələr verə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov səsləndirib.

A.Kərimov qeyd edib ki, Donald Trampın beynəlxalq nizam haqqında mövqeyi onun Azərbaycanın ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumun ləğvi barədəki tələblərinə dəstək olmasına stimul yaradar. ABŞ Rusiya-Ukrayna müharibəsi səbəbilə postsovet məkanında və Avropa İttifaqında düşdüyü boşluqları doldurmaq üçün fərqli siyasəti Trampın timsalında göstərir. Yəni, Azərbaycan bu siyasətdən kənarda qalmayacaq. Lakin rəsmi Bakı tələb edə bilər ki, Bakı-Vaşinqton əlaqələri Ağ Evin Rusiya və Çinlə geosiyasi rəqabətindən maksimum kənarda olan münasibətlər portfeli kimi inkişaf etsin. Bu, Azərbaycana ABŞ-ın regional strategiyasını Zəngəzur dəhlizi layihəsinə inteqrasiyaya təşviq etməyə geniş imkanlar açan xətlər yaradır. Cənubi Qafqazda dayanıqlı sabitlik və təhlükəsizlik üçün vacib olan da budur.

“Çox güman ki, ABŞ Azərbaycanla tərəfdaşlığın gətirdiyi dividentləri başa düşərək Zəngəzur dəhlizi ilə bağlı Bakının şərtlərinin təmin olunmasına dəstək verəcək. Bu, ABŞ-ın Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi portfel kimi qiymətli məkanlar etməsi üçün açardır. Başqa yandan, D.Trampın beynəlxalq sistemi radikal nizamlamaya məruz qoyacağı təqdirdə, Azərbaycanın yeni düzəndə yerini möhkəmləndirməsinə əlavə pəncərələr açılacaq. Münasibətlər qaydasında getsə, ABŞ-ın Azərbaycanla bağlı siyasəti əvvəlki Ağ Ev administrasiyalarından fərqli olaraq qeyri-sabit davranışa söykənməyəcək. Bu ehtimalla Vaşinqton Bakıya böyük dərəcədə dostluq nümayiş etdirib uzunmüddətli perspektiv üçün münasibətləri strateji əlaqələr səviyyəsinə qaldıra bilər”, - deyə siyasi şərhçi qeyd edib.

Избранный
3
2
azertag.az

3Источники