RU

Təhsilə kifayət qədər büdcə ayrılmır....

“Azərbaycan təhsil sisteminin ümumi fəlsəfə anlayışına ehtiyacı var”. TehsilForumu.Az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib. O, xüsusilə inkişaf etmiş ölkələrin təhsil sistemi ilə Azərbaycan təhsil sistemini müqayisə edərək qeyd edib ki, Azərbaycanın təhsil sistemində ən böyük çatışmazlıq təhsilin ümumi fəlsəfəsinin formalaşmamasıdır: “Azərbaycanda təhsilin fəlsəfəsi hələ tam şəkildə formalaşmayıb. Biz əsasən təhsildə uğur qazanmış ölkələrin sistemlərini öz təhsil sistemimizə inteqrasiya etməyə çalışırıq. Məsələn, İngiltərə təhsil sistemi buna nümunədir. Dünyada təhsildən ən çox gəlir əldə edən ölkələrdən biri məhz İngiltərədir. Onların beynəlxalq kurikulum hazırlama təcrübəsi var və bu kurikulumlar müxtəlif adlarla dünyanın bir çox ölkəsində tətbiq olunur. Bunun kökləri, əlbəttə ki, imperializm siyasətindən qaynaqlanır. İllərlə geniş ərazilərə nəzarət edən İngiltərə həmin bölgələrdə əldə etdiyi təhsil təcrübələrini tətbiq edərək öz təsirini gücləndirib. Hazırda isə həmin kurikulumları digər ölkələrə təqdim etməyə və satmağa davam edir. Məsələn, İngiltərə təhsil sistemi Körfəz ölkələrində, Hindistanda, Çində, Sinqapurda və Yeni Zelandiyada müxtəlif formalarda tətbiq olunur". Qoşqar Məhərrəmov Azərbaycan təhsil sistemi ilə digər ölkələrin təhsil sistemləri arasındakı fərqlərə də aydınlıq gətirib: “Əgər digər ölkələr İngiltərə və ya Kembric sistemindən istifadə edirsə, bu, onların uğurudur. Bəs bizim təhsil sistemi ilə İngiltərə təhsil sistemi arasında fərqlər nələrdir? Əvvəla, Azərbaycanda təhsilə ayrılan büdcə kifayət qədər deyil. Bundan başqa, təhsillə bağlı tədqiqatlar da uzun illərdir yetərli səviyyədə aparılmır. Tədqiqatlar olmadan dataya əsaslanan praktikanın formalaşması mümkün deyil. Bu da Azərbaycan təhsilində elmi və data əsaslı yanaşmanın olmamasına səbəb olur. Bununla yanaşı, müəllim hazırlığı və universitetlərin tam şəkildə fəaliyyət göstərməsi də problemli məsələlərdir. Təhsil sistemi ümumiyyətlə bir neçə əsas sütun üzərində dayanır: qiymətləndirmə, məzmunun keyfiyyəti və çatdırılması, müəllimlərin peşəkarlığı. Əgər biz bu üç istiqaməti inkişaf etdirə bilsək, təhsil sistemimizi də dirçəldə bilərik. Böyük Britaniya təcrübəsinə baxsaq, bu üç əsas sütun çox köhnə və inkişaf etmiş ənənələrə əsaslanır. Hazırda Böyük Britaniya təhsil sistemi dünyada ən qabaqcıl sistemlərdən biri sayılır. Bununla belə, düşünürəm ki, Böyük Britaniya daha çox təhsil işinin biznes tərəfini uğurla qurmağı bacarır. Mən isə IB sistemini daha üstün və səmərəli bir model hesab edirəm".

Избранный
14
1
tehsilforumu.az

2Источники