RU

Həkimlər maaş azlığından xaricə üz tuturlar - "Həkimin yaxşı işləməsi üçün maddi qayğısı olmamalıdır" VİDEO

Rezidentura təhsili alan həkimlərin çoxu aldıqları maaşdan narazıdırlar. Onlar 400-500 manat arası məbləğdə əməkhaqqı alırlar. Bu səbəbdən əlavə qazanc üçün digər iş yerləri axtaran, hətta ixtisasından imtina etmək istəyən həkimlər də var.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı həkim-rezidentlərin çox sayda paylaşımlarını görmək olar.

2019-cu ildə elm sahəsindəki fəaliyyətinə görə Prezident mükafatına layiq görülən həkim Allahverdi Şahverənov deyir ki, 5 ildən çoxdur, rezident-həkimlərə verilən əməkhaqqının məbləğində dəyişiklik yoxdur. Həm maaş azlığına görə, həm də ixtisaslı həkim kimi xaricdə yetişmək istəyənlər daha çox Türkiyə və Almaniyaya üz tuturlar. Almaniya hökumətinin açıqladığı statistikaya əsasən, 2022-ci ildə 1359,  2023-cü ildə isə 1521 azərbaycanlı həkim Almaniyanın müxtəlif şəhərlərində çalışıb.  

Həkim-mütəxəssis olmaq üçün xaricə üz tutanlar deyirlər ki, həkimin daha yaxşı işləməsi üçün maddi qayğısı olmamalıdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, ötən il Nazirlər Kabinetinin qərarına əsasən rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 5600 manatdan 8600 manata qaldırılıb və bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan müəssisələrə ödənilir. Sözügedən vəsait ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqının ödənilməsinə yönəldilir. Qaldı ki, həkim-rezidentlərinin maaşlarının artırılması məsələsinə, nazirlik bildirdi ki, onların maaşı 2025-ci il yanvarın 1-dən orta hesabla 15-16% artırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
13
xezerxeber.az

1Источники