RU

Təşkilatlanma sahəsində yeni mərhələ

Azərbaycanın maddi-mədəni irsinin xaricdə tanıdılması, eləcə də haqq səsinin dünyaya çatdırılmasında diasporumuzun xüsusi yeri var. İllər ötdükcə Azərbaycan diaspor siyasətini yeni meyarlarla zənginləşdirib. Nəticədə, xaricdəki Azərbaycan icmalarının fəaliyyətində, xüsusilə, təşkilatlanma sahəsində keyfiyyətcə yeni mərhələ başlayıb.

Azərbaycan evlərinin sayı artırılacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir. O, qeyd edib ki, hazırda Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər çoxdur: “İraqda, Livanda Azərbaycan evinin açılışı nəzərdə tutulur. Ancaq bu, o demək deyil ki, onlar iki ay sonra açılacaq. Böyük Britaniya və Danimarkada da Azərbaycan evinin açılması planlaşdırılır. Həmçinin Almaniyanın Ştutqart şəhərində, ABŞ-nin bir sıra ştatlarında Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər var. Bunlarla yanaşı, Cənubi Koreyada Azərbaycan evinin genişləndirilməsi nəzərdə tutulur, çünki Azərbaycan icmasının sayı artıb”.

Onun sözlərinə görə, Azərbaycan evləri daim dövlət tərəfindən maliyyələşə bilməz: “Azərbaycan evləri ilə bağlı bəzi maliyyə və texniki məsələlərlə əlaqədar öz üzərimizə öhdəlik götürürük. Lakin həmin evlər daim Azərbaycan dövləti tərəfindən maliyyələşə bilməz. Müəyyən müddətdən sonra əgər icma, həqiqətən də, Azərbaycan evinin fəaliyyətini davam etdirmək istəyirsə, mütləq icma üzvləri də dəstək olmalıdır.

Ona görə də yeni açılan Azərbaycan evlərinin hamısına müəyyən müddət verilir, həmin müddətdən sonra maliyyə yardımına yenidən baxılır. O müddətdə onlar öz fəaliyyət mexanizmlərini həyata keçirməlidirlər. Yəni Azərbaycan evinin açılması hansısa Azərbaycan evinin bağlana bilməyəcəyi mənasına gəlmir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan evlərinin gələcək fəaliyyəti və inkişafı hər zaman müzakirə predmeti ola bilər.

300-dən çox diaspor təşkilatımız var

Fuad Muradovun sözlərinə görə, Azərbaycanın müxtəlif ölkələrdə 300-dən çox diaspor təşkilatı və dünya azərbaycanlılarını birləşdirən 15 Koordinasiya Şurası fəaliyyət göstərir. O, qeyd edib ki, Azərbaycanın ilk diaspor təşkilatının yaşı 50-ni keçib: “Bu gün diasporun təşkilatlanması daha sürətlə gedir və dövrün tələbləri səviyyəsində inkişaf edir. Təxminən 70 ölkədə daimi fəaliyyətdəyik, lakin daha çox ölkədə soydaşlarımız yaşayırlar, sadəcə olaraq onlar hələ ki digərləri qədər təşkilatlanmayıblar”.

Komitə sədrinin sözlərinə görə, Nigeriya, Kolumbiya, Meksika kimi ölkələrdə yeni formalaşan Azərbaycan icmaları var: “İslandiyada bir neçə azərbaycanlı ailə yaşayır və onlar da diaspor təşkilatı yaradaraq qeydiyyatdan keçiriblər. Trinidad və Tobaqoda mədəniyyət-incəsənət nümayəndələrimiz yaşayır, onların da diaspor təşkilatı yaratmaqla bağlı təklifləri var”.

Koordinasiya şuralarının fəaliyyətindən də bəhs edən F.Muradov diqqətə çatdırıb ki, hazırda əsas hədəf şuraların olduğu ölkələrin parlamentlərində müşahidəçi kimi qeydiyyata alınmasıdır: “Bizim təşkilatlarımız artıq Avropa Şurası və Avropa Parlamentində müşahidəçi statusunda iştirak edə bilirlər. Onların Birləşmiş Millətlər Təşkilatında da aktiv olmaları istiqamətində ciddi işlər görülür”.

Erməni diasporu sülh istəmir

Fuad Muradov həmçinin qeyd edib ki, erməni diasporu sülh istəmir və Ermənistanın maraqlarını nəzərə almır. O, bildirib ki, xaricdə Azərbaycana qarşı atılan addımlarda erməni diasporunun böyük rolu var: “Amma eyni zamanda, bəzi siyasi dairələr var ki, onlar özləri də məqsədli şəkildə erməni diasporunun işinə dəstək verirlər. Bunu biz Fransada tam aşkar görürük. Təkcə Xurşidbanu Natəvanın heykəlinə qarşı olan sayğısızlıq göstərir ki, bu, sadəcə erməni diasporunun deyil, həm də Fransada Azərbaycana qarşı olan siyasətçilərin yanaşmasıdır”.

F.Muradovun sözlərinə görə, erməni diasporunun belə yanaşması onu nümayiş etdirir ki, onlar sülh istəmirlər və Ermənistan maraqlarını nəzərə almırlar: “Öz maraqlarından çıxış edirlər. Ona görə də əksər diaspor rəhbərlərinin Ermənistana girişi qadağan olunub. Erməni diaspor təşkilatlarının fəaliyyətinin kökündə dağıdıcılıq durur və bu təşkilatlar, əsasən, korrupsiya üzərində qurulub”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Избранный
12
yeniazerbaycan.com

1Источники