RU

Gürcüstan üçün çox real təhlükə var – Rəsmi Tbilisi

“Bölgəmizdə təhlükəsizlik baxımından Gürcüstan asan olmayan vəziyyətdədir. Bizim iki bölgəmiz hələ də Rusiyanın işğalı altındadır və orada hərbi hissələr yerləşdirilib. Təhlükə virtual deyil, çox realdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bolqarıstanın Milli Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Gürcüstan ekzistensial problemlər və çağırışlar yarada biləcək vəziyyətə düşməmək üçün bir çox məsələlərdə çox ehtiyatla davranır.

XİN rəhbəri sülhün Gürcüstan üçün çox vacib olduğunu vurğulayıb:

“Biz son 30 ildə bir neçə müharibə ilə üzləşmişik və hələ də Tbilisidə yaşayan və öz evlərinə qayıtmağı gözləyən köçkünlərimiz var. Bu, gürcü cəmiyyəti üçün açıq yaradır. Sülh çox vacibdir və hamı başa düşməlidir ki, bizim nə üçün ölkənin dinc və sabit inkişafını qorumaq üçün güclü istəyimiz var”.

M.Boçorişvili qeyd edib ki, “Gürcü Arzusu”hökuməti 12 ildir hakimiyyətdədir və əvvəlki hökumətdən fərqli olaraq Rusiyanın xeyrinə bircə qərar belə qəbul edilməyib.

Nazir Gürcüstanın həm Avropa, həm də regionun digər ölkələri üçün çox mühüm coğrafi mövqeyə malik olduğunu da söyləyib: “Xüsusən də Rusiyanın Ukraynaya təcavüzündən və regionda baş verən hadisələrdən sonra bu mövqenin əhəmiyyəti artıb. Gürcüstan Orta dəhlizdə də çox mühüm rol oynayır. Digər tərəfdən, biz sadiq və etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etmişik və razılaşdığımız bütün şərtləri yerinə yetiririk”.


Müəllif: Cəmilə Babayeva
Избранный
19
1
teleqraf.com

2Источники