Avstriyanın “Şturm Qraz” klubunun danimarkalı hücumçusu Mika Bieret bundan sonra “Monako”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə knyazlıq klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 nəhəngi bu transfer üçün Avstriya klubuna 13 milyon avro ödəyib. 21 yaşlı forvardla müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.
Mika Bieret İngiltərənin “Fulhem” və “Arsenal” klublarının yetirməsidir. Amma ona bu klubların əsas komandalarında forma geyinmək nəsib olmayıb. Bu üzdən də hücumçu “Valveyk”, “Mozervel” və “Şturm Qraz”da icarədə oynamaq məcburiyyətində qalıb. 2024-cü ilin iyul ayında Avstriya klubu “Arsenal”a 9 milyon avro ödəməklə Bieretin transfer hüquqlarını alıb. Hücumçu “Şturm Qraz”ın heyətində meydana çıxdığı 47 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Mika Bieret Danimarkanın U-19 və U-21 yığmalarında forma geyinsə də, hələlik əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.