RU

“Fənərbaxça” İrfan Can Kahveci ilə yeni müqavilə bağladı

Futbol üzrə Türkiyə millisinin sağ vingeri İrfan Can Kahveci “Fənərbaxça” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik yeni müqaviləyə imza atıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin 30 iyununda başa çatacaqdı.

Xatırladaq ki, İrfan Can Kahveci 2021-ci ilin yanvar ayından “Fənərbaxça”nın şərəfini qoruyur. Sözügedən klub onu həmin vaxt “Başakşəhər”dən 7 milyon avro müqabilində transfer etmişdi.

Türkiyəli yarımmüdafiəçi cari mövsümdə 22 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun “Fənərbaxça” karyerası bütövlükdə 151 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

İrfan Can “Fənərbaxça”dan öncə “Başakşəhər”, “Gənclərbirliyi” və “Hacettepe” kimi klublarda forma geyinib.

Kahveci Türkiyənin U-17, U-18, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2018-ci ildə əsas millidə debüt edib. O, Türkiyə yığmasının heyətində meydana çıxdığı 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 9,5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
20
arena.az

1Источники