RU

BBC-nin araşdırması: Facebook Fələstindən olan xəbər mənbələrini necə məhdudlaşdırır

Məqalə barədə məlumatMüəllif, Əhməd Nur, Co Tidi və Yara FaraqVəzifə, BBC Ərəbcə, BBC Dünya Xidməti və BBC Monitorinq

BBC araşdırıb ki, Facebook İsrail-Həmas müharibəsi zamanı Fələstin mediasının oxucular üçün əlçatan olmasını ciddi şəkildə məhdudlaşdırıb.

Facebook məlumatlarının təhlili göstərib ki, Fələstin ərazilərindəki xəbər agentliklərinin oxuculara çatımlılığı 2023-cü ilin oktyabrından - müharibə başlayandan sonra kəskin şəkildə azalıb.

BBC Meta-ya məxsus digər sosial platformaya – Instagram-a aid sənədlər də əldə edib və məlum olub ki, 2023-cü ilin oktyabrından sonra fələstinli istifadəçilərin şərhləri orda da məhdudlaşdırılıb.

Meta bildirib ki, hansısa mövqenin bilərəkdən məhdudlaşdırılmasına dair istənilən nəticə "qəti şəkildə yanlışdır".

İsrail-Həmas müharibəsi başlayandan sonra Fələstinə az sayda jurnalist buraxılıb. Onlar bölgədə ancaq İsrail ordusunun müşayətilə hərəkət edə biliblər.

Bu boşluğu sosial media doldurub. Həmin dövrdə Fələstin TV, Wafa xəbər agentliyi və Al-Watan News kimi Facebook səhifələri dünya miqyasında önəmli mənbələrə çevriliblər.

BBC Ərəbcə xidməti Fələstinin 20 tanınmış xəbər qurumunun Facebook səhifələrinin çatımlılıq statistikasını toplayaraq göstəriciləri əvvəlki illərlə müqayisə edib.

Reaksiyalar paylaşılan məlumatların neçə nəfər tərəfindən görüldüyünü müəyyən edən ən vacib göstəricidir. Şərhlərin, reaksiyaların və paylaşımlarının sayı da bura aiddir.

Müharibə dövründə izləyici reaksiyalarının artacağını gözləmək olardı. Amma rəqəmlər göstərir ki, 2023-cü ilin oktyabrın 7-dən sonra əlaqə 77 faiz azalıb.

Facebook-da 5,8 milyon izləyicisi olan Fələstin TV-nin jurnalistləri BBC-yə bildiriblər ki, onların paylaşımlarını görənlərin sayı 60 faiz azalıb.

"Çatımlılıq tamamilə məhdudlaşdırılıb. Bizim materiallarımız insanlara çatmır" - jurnalist Tariq Ziyad belə deyib.

Fələstinli jurnalistlər onlayn paylaşımlarının son bir ildə Meta tərəfindən gizli şəkildə bloklanmasından narahat olduqlarını bildiriblər.

BBC bunu araşdırmaq üçün Yediot Ahronot, İsrail Hayom və Kanal 13 də daxil olmaqla, İsrailin 20 xəbər qurumunun həmin dövrə aid göstəricilərini araşdırıb. Həmin səhifələr əsasən müharibəyə aid məzmun paylaşıb, amma onların oxucularla qarşılıqlı əlaqəsində təxminən 37 faizlik artım olub.

Fələstinlilər və insan haqları qrupları ədalətli moderatorluq təmin etmədiyi üçün Meta-nı əvvəllər də tənqid ediblər.

2021-ci ildə şirkətin özünün sifariş etdiyi hesabatda qeyd olunub ki, bu, qəsdən edilməyib, səbəb moderatorlar komandasında ərəb dilini bilənlərin olmamasıdır. Həmçinin bildirilib ki, bəzi söz və ifadələr yanlış olaraq "təhqiredici" və ya "zorakı" sayılıb.

BBC bunu yoxlamaq üçün Sky News Ərəbcə və Əl-Cəzirə də daxil olmaqla, Fələstinə aid olmayan 30 ərəbdilli xəbər qurumunun Facebook səhifəsinə aid statistikanı araşdırıb. Bu səhifələrdəki çatımlılıq göstəricilərində təxminən 100 faizlik artım aşkar edilib. Deməli, Fələstinin xəbər qurumlarıyla oxucular arasında əlaqənin azalması məzmunun ərəb dilində olmasıyla izah oluna bilməz.

BBC-nin araşdırmasına münasibət bildirən Meta qeyd edib ki, 2023-cü ilin oktyabr ayından etibarən "müvəqqəti tədbirlər" həyata keçirməsi bilinən faktdır.

Şirkət təhlükəli hesab etdiyi və ABŞ-ın sanksiya tətbiq etdiyi Həmas-la ifadə azadlığı arasında tarazlıq yaratmağa çalışdıqlarını bildirib.

Meta həmçinin qeyd edib ki, müharibəylə bağlı məzmun paylaşan səhifələrdə çatımlılıq göstəriciləri yüksək olmur.

Sızdırılan Instagram sənədləri

BBC araşdırma çərçivəsində Meta-nın beş hazırkı və keçmiş əməkdaşıyla danışıb.

Adının gizli qalmasını istəyən bir əməkdaş BBC-yə Instagram alqoritminə dəyişiklikləri əks etdirən məxfi bir sənəd təqdim edib. Həmin dəyişikliklərə əsasən, fələstinlilərin bu platformada yazdıqları şərhlər ciddi şəkildə yoxlanılır.

"Həmas-ın hücumundan sonra alqoritm kodu bir həftə ərzində fələstinlilərə qarşı daha aqressiv hala gətirildi" - Meta əməkdaşı BBC-yə belə deyib.

Şirkətin mühəndislərindən biri buna etiraz edib; deyib ki, dəyişiklik "sistemdə fələstinli istifadəçilərə qarşı yeni qərəzli münasibət yaradacaq".

Meta deyilənləri təsdiqləyib, amma bunun Fələstin bölgələrindən gələn "nifrət dolu yazıların artmasına qarşı bir addım" olduğunu bildirib.

Şirkət müharibənin əvvəlində tətbiq edilən bəzi dəyişikliklərin artıq qüvvədə olmadığını qeyd edib, amma bunun nə vaxt baş verdiyini açıqlamayıb.

Müharibə başlayandan bəri həmin bölgədə 137 fələstinli jurnalist həlak olub, amma bir neçəsi hələ də bölgədən xəbərlər verməyə davam edir.

"Dəhşətli səhnələr əks etdirən bir çox materialı paylaşmaq olmur. Məsələn, İsrail ordusunun bir qətliamını əks etdirən video yayımlanmır. Amma çətinliklərə, təhlükələrə və senzuraya baxmayaraq Fələstindən material paylaşmağa davam etməliyik", Qəzzanın şimalında qalan azsaylı fotomüxbirlərdən biri Ömər əl-Qəttaa BBC-yə deyib.

Избранный
10
bbc.com

1Источники