RU

® Şaxta baba ucqar kəndlərdə

Bakı, 13 yanvar, AZƏRTAC

"Biz Birlikdəyik" komandası bu il də artıq sayca üçüncü olan "Şaxta baba kəndlərdə" layihəsini həyata keçirərək Azərbaycanın ən ucqar kəndlərinə yeni il sevinci gətirib. Bu il Zaqatala, Qax və Quba rayonlarının Cımcımax, Sabunçu, Ələsgər, Ləkit-Kötüklü, Ləkit, Qaşqaçay, Zərnə, Armudlu, Aşağı Malax, Kürkün, Gəray, Susay və Uzunmeşə kəndlərinə səfər edərək, 1060 uşağa yeni il hədiyyələri təqdim edilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq və yeni ilin sehrini hiss etdirməkdir.

Bir ay davam edən ianə kampaniyası zamanı 2000-dən çox hədiyyə toplanıb və yığılan vəsaitlər hesabına uşaqların təhsil və inkişafı üçün hədiyyələr alınıb. Hədiyyələrin uşaqların psixoloji və fiziki sağlamlığına uyğun olması prinsipinə əsaslanaraq komanda hədiyyələrin toplanması və alınmasını təşkil edib. Bura yaşa uyğun oyuncaqlar, kitablar, məntiqi oyunları və məktəb ləvazimatları kimi uşaqların inkişafına töhfə verəcək hədiyyələr daxildir.

Layihə çərçivəsində, həmçinin “Təmiz Dünya” və “İşıqlı Ev” sığınacaqlarında yaşayan uşaqlara oyuncaq, isti paltar və gigiyenik vəsaitlər çatdırılıb.

Şaxta Baba təşəbbüsü ilk olaraq Camping Azərbaycan və Kəndabad platforması tərəfindən eko-turizmi təşviq etmək məqsədilə başlanıb və onlardan ilhamlanaraq 2021-ci ildən "Biz Birlikdəyik" komandası tərəfindən birgə və ayrı şəkildə icra edilməyə davam etdirilib. Layihə eyni zamanda müxtəlif fərdləri, insanları, qurumları və məktəbləri cəlb edərək birgə şəkildə sosial dəyər yaratmaq və insanlar arasında sosial məsuliyyəti aşılamaq məqsədi daşıyır. Bu təşəbbüs çərçivəsində 2021-ci ildən indiyədək 3500-dən çox uşağa ümumilikdə 8000-dən artıq hədiyyə təqdim edilib.

Könüllülər arasında hətta başqa rayondan gələn və illərdir sədaqətli könüllümüz də daxil olmaqla, 100-dən çox şəxs bu təşəbbüsə fiziki və mənəvi dəstək verib. Layihədə Aziz Karimov və Əli Rza kimi ölkənin tanınmış sənədli fotoqrafları da öz dəyərli zamanlarını ayıraraq bütün prosesi fotolarda sənədləşdiriblər.

Layihəyə dəstək verən qurumlar arasında TİSA məktəbi, Avropa Azərbaycan məktəbi, Nar, Baker Hughes, KPMG, Badamdar Hotel & Residence, Sustainera Consulting, Teach for Azerbaijan, Deloitte şirkətinin əməkdaşları, Birdwatching Azerbaijan, Zili Azərbaycan, Handicraft, Ninka Cards, Kampinist, United Coffee Beans, Boho Tea and Wine Room, 166 Yük Daşıma Şirkəti, Changan Azərbaycan, Uludağ Hospitality, Roller Bird, Teas Press, Parlaq İmzalar, Libra, Strauss, Bahar nəşriyyat evləri, Menarki, Sapla, Jemma’s Crafts, Zınqırov Ceramics, Mumla Candles, Künc, Joyse, Zefora, İnci MMC də yer alıb. Bu qurumlar, yüzlərlə fərdi şəxslərin ianələri ilə yanaşı, təşəbbüsün genişmiqyaslı həyata keçirilməsinə imkan yaradıb.

Layihənin daha geniş auditoriyaya çatdırılması məqsədilə sosial şəbəkələrdə tanınmış, sosial məsuliyyət dəyərlərini bölüşən influenserlər də dəstək göstəriblər.

Bundan əlavə, regionlarda bələdiyyə və yerli nümayəndələrin təmin etdiyi dəstək xüsusi əhəmiyyət kəsb edib. Onların köməyi sayəsində kəndlərdə yaşayan bütün uşaqlara hədiyyələr uğurla çatdırılıb.

"Biz Birlikdəyik" komandası bütün dəstəkçilərə dərin minnətdarlığını bildirir və gələcək illərdə daha çox uşağı sevindirmək üçün fəaliyyətlərini davam etdirəcəyini vəd edir.

“Biz Birlikdəyik” sosial platforması haqqında ətraflı məlumat almaq üçün:

Linkedin | Facebook | Instagram

Əlaqə: [email protected]

Избранный
22
azertag.az

1Источники