London, 13 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer sabiq Baş nazir Qordon Brounun məsləhətçisi olmuş Maykl Ellamı Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulması üzrə danışıqlara rəhbər təyin edib.
AZƏRTAC xəbər verir ki, Maykl Ellam hazırda çalışdığı HSBC bankından ayrılaraq nazirlər kabinetində ikinci daimi katib, Avropa İttifaqı və beynəlxalq iqtisadi işlər üzrə məsul şəxs vəzifəsinə keçəcək.
İyul ayında hakimiyyətə gələndən bəri hökumət Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq istəyini dəfələrlə bəyan edib. Lakin Baş nazir vurğulayıb ki, bu, “Brexit” sazişinin ləğv olunması demək deyil. M.Ellam 20 il dövlət qulluğunda çalışıb və bu müddət ərzində Qordon Braun Baş nazir olduğu dövrdə iki il Dauninq Stritdə kommunikasiya direktoru kimi fəaliyyət göstərib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London