Ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsələlərdəndir.
Bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib.
Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə bu sahədə həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.
Bundan əlavə, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla ümumilikdə 6 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri istifadəyə verilib.