Bakının Nəsimi rayonu, Novruzov qardaşları küçəsində 17 mərtəbəli yaşayış binası tikilir. Həmin binanın tikinti ilə bağlı yaranmış tullantılar məişət tullantılarına qarışaraq məhəlləni zəbt edib. Həmçinin ərazidə antisanitar vəziyyət yaranıb. Əraziyə yaxın yaşayan sakinlər isə mövcud vəziyyətdən narahatdırlar.
Xezerxeber.az-ın məlumatına görə, pilot layihənin həyata keçirildiyi küçədə tullantıların çoxluğundan ayaq basmağa yer yoxdur.
Ərazidə tikinti aparan MTK-nın sahə rəisi Əlisahib Əzizov deyib ki, 112 mənzildən ibarət 17 mərtəbəli binanın tikintisi yekunlaşmaq üzrədir. Tullantıların daşınmasına gəlincə, sahə rəisi bildirib ki, ərazidə söküntü işləri bitmədiyindən tullantılar hələlik daşınmayıb. O, ərazidə zibilliyin yaranmasına görə sakinləri günahlandırıb.
Məhəllədən keçən su boruları və kanalizasiya xəttlərinin tikinti işlərinə cəlb olunan ağırtonnajlı yük maşınlarının təsirindən sıradan çıxmasına gəlincə, MTK rəsmisi deyib ki, borular kustar üsulla çəkildiyindən tez-tez məhəlləni su basır. "Bununla bağlı tikinti şirkəti tərəfindən dəfələrlə sakinlərə müraciət də edilib",-deyə o qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.