Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal payının artırılması və bərpa olunan elektrik enerjisinin Avropa İttifaqına (Aİ) ixracı ölkənin əsas diqqət mərkəzindədir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova yanvarın 11-13-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 15-ci Sessiyasında bildirib.
Yanvarın 11-də Assambleyaya hazırlıq tədbiri çərçivəsində baş tutan “Mərkəzi Asiyada Bərpa Olunan Enerji Mənbələri üzrə Sürətli Tərəfdaşlıq” (APRECA) üzrə Yüksək Səviyyəli Dialoqda iqtisadi inkişafın dəstəklənməsi, həmçinin regionun enerji sektorunun şaxələndirilməsinə dair ehtiyaclarının qiymətləndirilməsi və enerji keçidi üçün tələb olan infrastrukturunun yaradılmasında birgə səylər və resurslardan istifadəyə dair müzakirələr aparılıb.
Sessiya çərçivəsində çıxış edən R. Hümbətova Azərbaycan tərəfindən dəstəklənən “BƏƏ Konsessusu: 2030-cu ilədək bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması” ilə əlaqədar olaraq görülən işlər barəsində məlumat verib və region üzrə birgə səylərin gücləndirilməsini qeyd edib. Sahənin inkişafında hesab olunan əsas çətinliklərə misal olaraq bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, həmçinin investisiyaların cəlbi kimi məsələlər barədə məlumat verilib. Əlavə olaraq, IRENA-nın təşəbbüsü ilə yaradılan müxtəlif beynəlxalq əməkdaşlıq platformalarının əhəmiyyəti vurğulanıb.
Yanvarın 12-də Assambleyanın açılış günündə çıxış edən R. Hümbətova “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”indən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” hədəfinin icrası, həmçinin bundan irəli gələrək qəbul edilmiş “Azərbaycan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təbii ehtiyatlardan səmərəli istifadə və energetika sektorunun liberallaşdırılması, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, "təmiz nəqliyyat" və digər "yaşıl texnologiyalar"a diqqət yetirilməsinə dair məlumat verib.
Bundan başqa, COP28 çərçivəsində Azərbaycanın “BƏƏ Konsensusu”na qoşulması və 2030-cu ilə qədər bərpa olunan enerji qoyuluş gücünün üç dəfə artırılması hədəfinə dair məlumat verilib. Əlavə edilib ki, Azərbaycan 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payının 30 %-ə çatdırılmasını hədəfləyir və enerji keçidinin cari inkişaf tempini qorumaqla 2027-ci ilə qədər artıq bu hədəfə nail olmasını planlaşdırır. 2024-cü ildə yaşıl elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında payı artıq 13,5 %-ə çatması qeyd olunub.
Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə 3 900 MVt gücündə Yaşıl Enerji Dəhlizi (Xəzər-Qara dəniz-Avropa) layihəsini inkişaf etdirməyi planlaşdırır. Bundan əlavə, COP29 tədbirində Xəzər dənizi vasitəsilə yaşıl elektrik enerjisinin Avropaya birgə ixracını nəzərdə tutan “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq” haqqında Hökumətlərarası Saziş imzalanıb.
Çıxış zamanı Azərbaycanın IRENA ilə səmərəli əməkdaşlığı vurğulanıb. COP29-a hazırlıq və COP29 çərçivəsində IRENA ilə birgə təşkil edilmiş tədbirlər barəsində məlumat verilib. IRENA, Hidrogen Şurası və Energetika Nazirliyinin birgə ev sahibliyi etdiyi “Təmiz Hidrogen İqtisadiyyatının Yaradılması və Yeni Təchizat Zəncirlərinin İnkişafı” mövzusunda keçirilən yan tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim olunub.
COP29-un sədrliyi ilə Azərbaycan tərəfindən irəli sürülən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr, Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi haqqında məlumat verilib.
Ümumiyyətlə, IRENA Assambleyasının “Bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi – İrəliyə doğru” mövzusunda təşkil edilən sessiya və görüşləri IRENA-nın 170 üzv dövlətindən olan nazir və yüksək səviyyəli nümayəndələri, akademik dairələri, maliyyə institutları, icraçı direktorları və gənc mütəxəssisləri bir araya gətirərək enerji keçidi üzrə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəkdir. Sessiya çərçivəsində əsas müzakirələr 2030-cu ilə qədər bərpa olunan enerji qoyuluş gücünün üç dəfə artırılması, Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr sənədi üzrə (NDC 3.0) daha iddialı ambisiyaların hədəflənməsi, inkişaf etməkdə olan ölkələrdə enerji keçidinin dəstəklənməsi və innovativ inkişaf yönümlü maliyyə vəsaitlərindən istifadə olub.