NASA-nın peykləri Xəzər dənizində vulkan püskürməsi nəticəsində yaranan və qısa zamanda yoxa çıxan “Kabus ada”nın görüntülərini yayıb.
Hafta.az-ın yazdığına görə, ada 2023-cü ilin əvvəlində Azərbaycan sahillərində Kumani Bank kimi tanınan palçıq vulkanının püskürməsi nəticəsində yaranmışdı. Lakin 2024-cü ilin sonlarına doğru tamamilə əriyib və sulara qarışaraq yoxa çıxıb.
NASA Yer Rəsədxanasının açıqlamasına görə, ada “kabus” kimi yaranıb və yox olub. Kumani Bank palçıq vulkanı 1861-ci ildən bəri səkkiz dəfə püskürüb və hər dəfə müvəqqəti adalar yaradır. Bu adaların ölçüləri və ömrü vulkanın püskürməsinin şiddətindən asılı olaraq dəyişir. 2023-cü ildə baş verən partlayışdan sonra ada 400 metr genişlikdə ərazini əhatə edib, yanvar və fevral aylarında peyklər tərəfindən görüntülənib. Adanın ətrafında əmələ gələn çöküntü izləri də bu partlayışın təsirlərini ortaya çıxarıb. Lakin ilin sonuna doğru ada tamamilə yox olub.
NASA-nın Landsat 8 və 9 peykləri adanı və vulkanın fəaliyyətini ətraflı şəkildə tədqiq edib. Belə vulkanlar adətən aktiv tektonik ərazilərdə əmələ gəlir. Azərbaycan isə 300-dən çox palçıq vulkanına ev sahibliyi etməklə bu baxımdan dünyada diqqətəlayiq mövqedədir.
Azərbaycanın şərq sahilində yerləşən Kumani Bank vaxtaşırı alov saçan təsirli partlayışları ilə tanınır. NASA bildirib ki, 2023-cü ildə bu vulkanın püskürməsində alov müşahidə edilməsə də, keçmişdə yüzlərlə metr hündürlüyündə alov sütunları görülüb. Tarixi qeydlərə görə, vulkanın ən güclü püskürməsi 1950-ci ildə 700 metr enində və 6 metr hündürlüyündə bir ada yaratmışdı. Lakin bu adalar adətən qısa ömürlü olur və eroziya nəticəsində tez yox olur.
Alimlər belə vulkanların təhlükəli ola biləcəyinə diqqət çəkirlər. Böyük miqdarda qaz, palçıq və alov püskürə bilən bu vulkanlar həm dəniz, həm də quru mühitinə ciddi təsir göstərə bilər. Stanford Universitetindən Erik Dunham bildirir ki, vulkan püskürmələrini proqnozlaşdırmaq olduqca mürəkkəbdir və universal proqnozlaşdırma metodu yoxdur. Bununla belə, seysmik hərəkətlər, qaz emissiyaları və yerin deformasiyası kimi göstəricilər vulkanların aktiv olduğuna dair ipucu verə bilər.