RU

Kübarlıqla şəfqətin vəhdətini yaradan həkim

Ellər logman deyib sənə əzəldən,
Sınıq könülləri sənsən düzəldən
Yanına gəlirik olsa dərdimiz,
Edirsən hər dərdə sən dərman, həkim

M. Seyidzadə 

Daim sənətə, həkimlik peşəsinə böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir” - fikirlərində dərin məna, hikmət vardır. Uzun əsrlərdən bəri həyatımıza daxil olan, sağlamlığımızın keşiyində duran loğman, təbib, həkim kimi dilimizdə həkk olunan bu seçilmiş insanlar bəşəriyyətin qoruyucusudur desəm, yəqin ki, səhv etmərəm. Dərmanının çox acı olmasından gileylənən insanlar məhz şəkər gülüşlü, qəlbi çiçəklərdən, güllərdən, təmiz və zərif olan, şəfqət mücəssiməsi həkimlərdən şəfa diləyir, onları dərin sevgi və məhəbbətlə əzizləyirlər. İbn Sinadan günümüzə qədər saysız həkim-loğmanlar öz şəfalı əlləri ilə insanların həyatını xilas etmişlər.

Ömrüm boyu çox həkimlə ünsiyyətdə olmuşam. Yaxından tanıdığım və canlı ünsiyyətdə olduğum professorlar Bəybala Abbasov, Zəhra Salayeva, Nurəddin Hümbətov, Əflatun Kərimov, Çingiz Rəhimov kimi həkim-alimlərin Azərbaycan tibb elmində və səhiyyəsində böyük xidmətləri olmuşdur. Onların adları daim fəxarətlə çəkilir. 

Yazımda haqqında söz açacağım, belə bir həkim-alim mühitində yetişən, formalaşan, Azərbaycan səhiyyəsində özünü təsdiq edən həkim-uşaqlıqdan bir yerdə, bir ailədə böyüdüyüm Əfqan Əsgərzadədir. 

Əfqan Ələsgər oğlu Əsgərzadə 1965-ci il yanvar ayının 15-də Bakı şəhərində, məşhur Dağlı məhəlləsində dünyaya göz açıb. Uşaqlıqdan bir yerdə böyüdüyümüz üçün Əfqanın gələcəkdə həkim olacağını bilirdim. O vaxtdan onun gələcək hədəfi bəlli olduğundan həkimlik peşəsinə həvəsini, istəyini görməmək mümkün deyildi. Əfqan mütaliəni, ədəbiyyatı çox sevdiyindən uşaqlar üçün nəzərdə tutulan kitablardan tutmuş Azərbaycan klassik və müasir ədəbiyyatı, rus və dünya ədəbiyyatına dair kitablar onun evimizdəki kitabxanasının rəflərini bəzəyirdi. O, kitabxanasında olan bütün kitabları Azərbaycan və rus dilində mütaliə edirdi. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cabir Novruz, V.Şekspir, V.Huqo, O. Balzak, A. Düma, Ç.Dikkens, T. Drayzer, A. Çexov,  F.M.Dostoyevski, L. Tolstoy və s. müəlliflərin əsərləri onun ən çox mütaliə etdiyi sənət inciləridir. Daxili zənginlik onun dünyagörüşünə təbii ki, böyük təsir göstərirdi. Bununla yanaşı, rəflərində tibbə, həkimliyə dair kitablara, hətta nadir kitablara da rast gəlinirdi. Hədəfi həkimlik olduğundan kimya, biologiya, fizika fənlərinə xüsusi diqqət yetirirdi.

Əfqan Əsgərzadə hələ Bakı şəhəri, Yasamal rayonundakı 158 №-li orta məktəbində  təhsil aldığı illərdə nümunəvi, əlaçı şagird olmaqla diqqət çəkir. Qəlbində həkim olmaq arzusu ilə Azərbaycan Dövlət Tibb Universitetinə də hazırlığını səylə davam etdirir.

Nəhayət, həyat Əfqanın yollarını N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “Pediatriya” fakültəsinə açır. O, təhsil aldığı müddətdə neçə-necə alimdən dərs alır,  tibb elminin sirrlərinə yiyələnir. Diplomlu həkim kimi, 1995-1996-cı illər ərzində Bakı şəhər 3 saylı uşaq xəstəxanasında həkim-interna kimi çalışır. Sonra o, həyatını həkim-pediatr kimi bu günədək vaxtilə təyinat aldığı Sumqayıt şəhər uşaq xəstəxanasının reanimasiya şöbəsində reanimatoloq-anestezioloq kimi fəaliyyət göstərir.

Bu müddət ərzində Əfqan Əsgərzadə özünü çox savadlı, bilikli həkim kimi göstərməyə müvəffəq olmuş, neçə-neçə uşağın şəfa tapmasına vəsilə olmuşdur. Uşaq psixologiyasına, uşaqların mənəvi dünyasına dərindən bələd olan Əfqan həkim şəfalı əlləri ilə, uşaqlara olan sonsuz məhəbbəti ilə onların sevimlisinə çevrilərək pediatr kimi tanınmağa başlamışdır. Əfqan harada çalışmağından asılı olmayaraq daim məzunu olduğu Azərbaycan Tibb Universitetində ona dərs deyən müəllimləri böyük minnətdarlıq hissi ilə xatırlayır. Universitet rəhbərliyi də daim bir məzun olaraq Əfqan Əsgərzdənin uğurlarını təqdir edir. Bunu Azərbaycan Tibb Universitetinin  I Müalicə-profilaktika fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent Elşad Novruzovun Əfqan haqqında dediklərindən görmək olur: “Azərbaycan Tibb Universiteti daim həkimlik peşəsində uğurlar qazanmış məzunları ilə fəxr edir. Əməkdar həkim Əfqan Əsgərzadə də belə sevimli məzunlardandır. O, vaxtilə Universitetə qəbul olarkən, həkimlik peşəsinin ən mürəkkəb sahələrindən birini- Pediatriyanı seçmişdir. Qazandığı biliklər və təcrübə həqiqətən də Əfqan Əsgərzadəni tanınmış, peşəsinə sadiq, savadlı bir həkim kimi tanıtmış, o, özünü bu sahədə təsdiq edə bilmişdir. Təyinatını Sumqayıt şəhərinə alan Əfqan həkim 30 ildir, bu müqəddəs peşənin sahibidir. O, var-qüvvəsi ilə gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində durur. O, sevilən, hörmət edilən həkim, nəcib, kübar bir şəxsdir. Əfqan Əsgərzadənin görkəmli pediatr, akademik Adilə Namazova məktəbinin ən layiqli davamçılarından biri olduğunu desəm, yəqin ki, yanılmaram. Biz onunla fəxr edirik”. 

Ə. Əsgərzadə həm yüksək peşəkarlıq qabiliyyəti, dərin biliyi, savadı, intellekti, mədəniyyəti ilə, həm də yüksək insani keyfiyyətləri-kübarlığı, alicənablığı,  vəfa və etibarı ilə diqqət çəkdiyindən müxtəlif müəssisələrdə işləmək dəvəti də almışdır. O, 1998-2005-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində həkim kimi fəaliyyət göstərmişdir. O, hazırda həmin  bölmənin İdarəetmə Şurasının üzvü olmaqla orada həkim-ekspert kimi ictimai işini davam etdirir.

Bununla, yanaşı, o, 2006-cı ildən etibarən, Leyla Şıxlinski klinikasında uşaq intensiv terapiya şöbəsində  həkim reanimatoloq-anestezioloq vəzifəsində çalışır.

Əfqan üçün həyatda bir meyar, bir məslək vardır. İnsanların sağlamlığı keşiyində durmaq, həkimlik peşəsinə, həkimlik andına sadiq qalmaq. O, hədsiz dərəcədə təvazökardır. O, çox sakit, səmimi, təmənnasız, ürəyi yanan, kübar, həyatsevər bir insandır. Ailəcanlı, dostcanlı, qohumsevərdir. Yüksək intellektə, dünyagörüşünə malik olduğu üçün onunla ünsiyyət, söhbət çox maraqlıdır. Onunla hər bir mövzuda-ədəbiyyat, incəsənət, mədəniyyət, elm, tarix, siyasət və s. söhbət etmək, diskussiya aparmaq mümkündür. O, həm də hədsiz mərhəmətli, şəfqətli, rəhmlidir. Bu xüsusiyyətlər isə ona qandan, gendən gəlir. 

Ümumiyyətlə, Əfqanın  ədəbiyyata, mədəniyyətə, incəsənətə marağı təsadüfi deyildir. Bu maraq ona qandan, gendən gəlir. Çünki o, Azərbaycan  ədəbiyyatında, mədəniyyətində, incəsənətində, elmində, ictimai fikir tarixində yeri olan məşhur Nəzərlilər şəcərəsinə mənsubdur.

Mikayıl Müşfiq öz ecazkar şeirləri ilə necə insan qəlbinə yol taparaq, şəfqət toxumu səpirdisə, Səttar Bəhlulzadə fırçası ilə necə tamaşaçısını sehrli, rənglər dünyasına aparırdısa, Habil Əliyev kamanının telləri ilə insan qəlbini necə ovsunlayıb titrədirdisə, Zeynəb Xanlarova bənzərsiz məlahətli səsi ilə ürəkləri necə riqqətə gətirirsə Əfqan Əsgərzadə də öz şəfalı əlləri ilə insanlara məlhəm olur. Bu Uca Yaradan tərəfindən Əfqana verilən ən yüksək insanlıq mövqeyidir. Xəstələrə yeni həyat bəxş etmək Allah-təalanın Əfqana həvalə etdiyi xeyirxah, humanist missiyadır. Əfqana bir həkim kimi yüksək dəyər verən SSRİ Xalq artisti,”Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Zeynəb Xanlarova onun barəsində belə deyir: ”Hər dəfə “Mehriban həkim” mahnısını ifa edəndə gözlərimin qarşısında bu müqəddəs peşəni sevən, ona könüldən bağlı olan, bu peşənin məsuliyyətini dərk edən fədakar həkimlərimiz durur. Onlar insanlara şəfa verirlər və daim alqışa layiqdirlər. Tanıdığım belə həkimlərdən biri də əməkdar həkim Əfqan Əsgərzadədir. O, çox gözəl humanist bir missiyaya xidmət edir. Ömrünün 30 ilini körpələrimizin, uşaqlarımızın sağlamlığının keşiyində durub. Peşəsinin vurğunu olan Ə. Əsgərzadənin Azərbaycan tibbində, səhiyyəsində xidmətləri vardır. Ona bu xeyirxah işində uğurlar arzulayıram. Eşq olsun, deyirəm, belə fədakar həkimlərə”. 

Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əsgərzadə Əfqan Ələsgər oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. Əfqan Əsgərzadə bu yüksək ada layiq görülərkən, onun həkim-pediatr kimi necə zəhmətə qatlanaraq bu ada layiq olduğunu dilə gətirən əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Əflatun Kərimov onun haqqında belə deyirdi: ”Adətən, Azərbaycan Tibb Universitetini bitirən məzunlar müqəddəs həkim adını daşıyırlar. Amma, Əfqan Əsgərzadə isə həkim-pediatr adını daşıyır. Pediatr elə bir peşədir ki, hər bir həkimə bu adı qoşa daşımaq nəsib olmur. Pediatriya elə bir çətin, ağır sahədir ki, buraya bu sənətin ağırlığını, məsuliyyətini, çəkisini dərk edənlər, dərin fəlsəfi düşüncəyə malik və uşaq psixologiyasına bələd olan həkimlər baş vura bilər. Bu meyarların hər biri Əfqan həkimdə cəmlənib. Aşkardır ki, körpələr, uşaqlar böyüklərlə müqayisədə dərdlərini, ağrılarını həkimlərə söyləyə bilmirlər. Məhz onların dilini yalnız pediatrlar bilir. Bu xüsusda, Əfqan həkim körpələrlə, uşaqlarla ünsiyyətdə xüsusi bacarığa malikdir. Ona görə də o, uşaqların sevimlisidir. İnanıram ki, Əfqan Əsgərzadə 30 il müddətində xidmət etdiyi çox çətin, lakin son dərəcə şərəfli sahədə bundan sonra da uğurlar qazanacaq, körpə balalarımızın, uşaqlarımızın sağlamlığı keşiyində duraraq onların sağlam böyümələrinə  öz əməli töhfəsini verəcəkdir”. 

Həqiqətən də, bu yüksək fəxri ad, onun uzun illər gələcək nəslimiz olan uşaqlarımızın, körpə balalarımızın sağlamlığı naminə çəkdiyi zəhmətin, yuxusuz gecələrin, həyəcanların hədər getməməsinin, əməyinə verilən qiymətin ən yüksək, bariz nümunəsidir. O, daim həkimlik fəaliyyətində yenilikləri öyrənir, tətbiq edir. Həkimlik adının çəkisini, ağırlığını, məsuliyyətini dərk edir. 

Əfqan Əsgərzadə həm də çox mehriban, sevimli qardaş, ata, ailə başçısıdır. Belə bir qaynar, coşqun həyat yolunda əzmlə, yorulmadan çalışır. Heç özü də bilmədən, hiss etmədən ömrünün 60-cı baharına qədəm qoyur. Bəli, şərəfli, zəngin, fərəh hissi keçiriləcək, zəngin xatirələrlə dolu arxada qalan 60 il. Bu, çox şərəfli, şanlı yubileydir. 60 illik ömrünün 30 ilini doğma saydığı Sumqayıt şəhərinə, onun gül balalarının sağlamlığına həsr edib. Bu şəhərdə çox tanınıb. Ona hörmət və sevgi ilə yanaşırlar. Bunu Sumqayıtın sevilib-seçilən ziyalılarından biri Əməkdar müəllim, şair, “Şöhrət”  ordenli, Prezident təqaüdçüsü Ofelya Babayevanın fikirlərindən də görmək mümükündür: “Əfqan Əsgərzadə. Bu ad Sumqayıtlılara çox tanışdır, doğmadır və əzizdir. Çünki, o, Sumqayıtlıların sağlamlığı keşiyində duran gözəl həkimlərdən biridir. Azərbaycan Tibb İnstitutunu bitirib, birbaşa təyinatla gənclik şəhərinə gələn və ömrünün otuz ilini istər pediatr, istər reanimatoloq kimi və ümumiyyətlə, böyük bir insan kimi bu şəhəri çox sevdi, bu şəhər də, şəhərin bütün insanları da onu çox sevdi. Əfqan həkim bütün peşələrdən ən əzizi olan insanlara ən xeyirlilərdən olan tibb sahəsini seçdi. Ona görə ki, o, insanlara həyata bağışlamağı, onlara sağlamlıq verməyi qarşısına məqsəd qoymuşdur. O, bunu bacara bildi. Elə bunu bacardığı üçün Əfqan Əsgərzadə dövlətin ən yüksək mükafatlarından olan “əməkdar həkim” fəxri adına layiq görüldü. Mən, bir neçə gündən sonra 60 yaşı tamam olacaq bu gözəl insanı, dəyərli Sumqayıtlımızı, əziz həmyerlimizi ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, bundan sonra da insanların sağlamlığı keşiyində beləcə ayıq-sayıq olmağı arzulayıram.

Bu yerdə yadıma onun həmyerlisi böyük şair Mikayıl Müşfiqin bir neçə misrasi düşdü:

İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltaraş ol.
Yaratdığın seyi sevərək yarat
Hamıdan yüksək ol, hamıdan baş ol!”

Yeni Azərbaycan partiyasının üzvü olaraq, o, respublikamızın ictimai-siyasi həyatında da böyük rol oynayır. Dövlətə, dövlətçiliyə sadiq qalan Ə. Əsgərzadə respublikada keçirilən Prezident və Milli Məclis seçkilərində, Referendumlarda fəallığı ilə seçilmişdir.


Əfqan Əsgərzadə bu gün də həm həkimlik, həm də ictimai fəaliyyətini yorulmadan, əzmlə davam etdirməkdədir.
İlk təbrik bu yazı ilə böyük qardaş kimi mənim üzərimə düşdü. Öncə, Əsgərzadələr ailəsi və onu sevən insanlar adından yubilyarı təbrik edir, Allahdan ona sağlıqlı uzun ömür, uğurlar diliyirəm.
Hələ bundan sonra  uzun illər ötüb keçəcək  Əfqan Əsgərzadə Azərbaycan səhiyyəsində parlaq səhifələr yazacaq, körpə balalarımıza, uşaqlarımıza sağlamlıq və güllərüzlülük, təbəssüm bəxş edəcəkdir.                                                     

Qafar Əsgərzadə

Əməkdar jurnaist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Избранный
8
modern.az

1Источники