Türkiyə dünyanın ən güclü orduları siyahısında ilk onluğa daxil olub.
Musavat.com “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin “Global Firepower” hərbi-analitika təşkilatı məlumat yayıb.
Təşkilatın hazırladığı "2025 Military Power Index" hesabatına əsasən, Türkiyə 145 ölkə arasında 9-cu yerdə qərarlaşıb.
İlk onluqda ABŞ, Rusiya, Çin, Yaponiya, Britaniya, Fransa, Cənubi Koreya və Hindistan kimi ölkələr də yer alıb. İlk onluğu İtaliya ordusu tamamlayır.
"Türkiyə daxili potensialını artıraraq hərbi imkanlarını genişləndirən və yüksəlişdə olan bir hərbi gücdür", - hesabatda Türkiyə haqqında qeyd edilir.
Türkiyə ordusunun ümumi hərbi heyəti 883 min 900 nəfər təşkil edir.
Bu rəqəmlər aşağıdakı kimi bölünüb:
- Hərbi Hava Qüvvələri: 115 min nəfər;
- Hərbi Dəniz Qüvvələri: 100 min nəfər;
- Quru Qoşunları: 518 min 900 nəfər.
Hesabat, Türkiyənin hərbi sahədəki artan daxili istehsal imkanlarının qlobal səviyyədəki gücünü artırdığına diqqət çəkir.
Musavat.com