RU

QHT nümayəndəsi: Tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığı gücləndirilməlidir

Tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığı gücləndirilməlidir.

"Report"un məlumatına görə, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının baş katibi Şəhanə Sarı "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən tədbirdə bildirib.

O, "Tikinti sektorunun dəyişən landşaftı" mövzusunda keçirilən panel müzakirədə peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması məsələsinin diqqət mərkəzində saxlanılmasını təklif edib:

"Tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması çox önəmlidir".

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Orxan Vəliyev "Tikinti sektorunun dəyişən tələbləri: əmək bazarının gözləntiləri" mövzusunda baş tutan panel müzakirədə bildirib ki, tikinti sektorunda keyfiyyətli və ixtisaslı işçi qüvvəsi hazırlamaq dövlət və özəl sektor arasında davamlı əməkdaşlıq platformasının yaradılması üçün xüsusi əhəmiyyət daşıyır:

"Bu cür təşəbbüslər Azərbaycanın tikinti sektorunun inkişafına və peşə təhsilli işçi qüvvəsinin formalaşmasında önəmli rol oynayır".

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nümayəndəsi Ayşən Həsənova deyib ki, hazırda peşə təhsilini seçmək gənclər üçün məcburiyyətdən istəyə çevrilib:

"Şirkətlər müntəzəm peşə təhsili müəssisələri, müəllimlərlə birbaşa əlaqəyə keçib öz tələblərini bildirməlidirlər. Bunun sayəsində peşə təhsili müəssisələrində kadrlar hər hansısa istiqamətdə yönləndirilməli və hazırlaşdırılmalıdır".

Qeyd edək ki, tədbirdə dövlət qurumları ilə yanaşı, peşə təhsili sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri, tikinti sektorunun aparıcı şirkətlərinin rəhbərləri və peşə təhsili müəssisələrinin rəhbər və müəllim heyəti iştirak edib.

Избранный
13
1
report.az

2Источники