RU

İspaniyada Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ev üçün 100 faizlik vergi tutulması təklif edilir

İspaniya hökuməti ölkədəki mənzil böhranını həll etmək üçün Aİ üzvü olmayan vətəndaşların əmlak almasına 100 faizlik vergi tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Bu təşəbbüs hökumətin kəskin bahalaşan və bir çox İspaniya sakinləri üçün əlçatmaz hala gələn mənzil qiymətləri ilə bağlı artan narazılığı yatırtmaq cəhdi ilə əlaqədar yanvarın 13-də, bazar ertəsi günü Baş nazir Pedro Sançesin açıqladığı silsilə tədbirlərdən biri olub.

“The Guardian” nəşri yazır ki, son on il ərzində evlərin qiymətləri İspaniyada 48 faiz artıb və bütün Avropada ev təsərrüfatlarının gəlirlərini xeyli ötüb.

Madriddə keçirilən iqtisadi forumda çıxış edən Sançes deyib: “Qərb iki sinfə bölünmüş cəmiyyətə çevrilməmək, zəngin torpaq sahibləri və kasıb kirayəçilərdən ibarət olmamaq kimi həlledici problemlə üz-üzədir”.

Təklif olunan tədbirlərə sosial evlərin tədarükünün genişləndirilməsi, boş evləri sərfəli qiymətə təmir etdirib icarəyə verənlərin stimullaşdırılması, mövsümi kirayələrin qarşısının alınması daxildir. “İspaniyada mənzillərin cəmi 2,5 faizi sosial evlərə ayrılır və biz Niderland kimi ölkələrdən əhəmiyyətli dərəcədə geridə qalırıq”, -deyə Sançes bildirib.

Amma hökumətin Aİ-yə daxil olmayan ölkələrdən gələn xarici alıcıları sıxışdırmaq planları bütün dünyada baş xəbərə çevrilib. İspaniya uzun müddətdir ki, İbiza, Marbella və Barselona kimi yerlərdə əmlak almaq üçün İngiltərə, ABŞ və Mərakeş sakinlərinin axın etməsi ilə Avropa İttifaqına daxil olmayan tətil evi alıcıları üçün çoxdan populyar bir məkan olub.

Sançes 100 faizə qədər olan vergini İspaniya tarixində “görünməmiş hal” kimi xarakterizə edib. O deyib: “Sizin təsəvvür etməniz üçün bildirim ki, təkcə 2023-cü ildə Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları İspaniyada 27.000-ə yaxın ev və mənzil alıblar. Onlar bunu həmin evlərdə yaşamaq üçün etməyiblər, ailələrinin yaşamağa yeri olsun deyə əmlak almayıblar, bunu möhtəkirlik, pul qazanmaq üçün ediblər. Hazırkı çatışmazlıq şəraitində buna icazə verə bilmərik”. (AZƏRTAC)

Избранный
6
1
xezerxeber.az

2Источники