RU

Aİ-na üzv dövlətlərin XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edəcək

Avropa İttifaqının Xarici Əlaqələr Komissiyasının sözçüsü Anouar Əl Anouni bildirib ki, Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsi xarici işlər nazirlərinin növbəti iclasında müzakirə ediləcək. Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallasın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri zamanı Suriya ilə bağlı keçirilən iclasda iştirak etdiyini qeyd edən Anouar Əl Anouni Ali nümayəndənin Körfəz ölkələri, Yaxın Şərq və Avropadan olan həmkarları ilə Suriyaya dair fikir mübadiləsi apardığını vurğulayıb.

Sanksiyalar məsələsinə münasibət bildirən Anouar Əl Anouni Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək növbəti iclasda Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini nəzərdən keçirəcəyini söyləyib.

Qeyd edək ki, Avropa İttifaqı 2011-ci ilin may ayından etibarən Suriyaya sanksiyalar tətbiq edir. Bu sanksiyalar çərçivəsində, rejimlə əlaqəsi olan şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması kimi məhdudiyyətlər tətbiq edilib. Devrilmiş lider Bəşər Əsəd və rejimə yaxınlığı ilə tanınan nazir və şəxslər sanksiya siyahısına daxil edilib. Aİ həmçinin sektoral sanksiyalar da tətbiq edərək, rejimin maliyyə şəbəkəsini hədəf alıb. Bu sanksiyalar xam neft və neft məhsullarının idxalına, hərbi və mülki məqsədlər üçün istifadə oluna biləcək malların, o cümlədən bəzi rabitə vasitələrinin ixracına məhdudiyyət qoyulmasını əhatə edib. Bundan əlavə, bəzi təşəbbüslərin və infrastruktur layihələrinin maliyyələşdirilməsi də sanksiyalarla məhdudlaşdırılıb.



Избранный
12
trt.net.tr

1Источники