Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Nic bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Azərbaycan dünyada tarixi Zəfər qazanaraq, ərazi bütövlüyü və suverenliyini bərpa edərək yeni reallıqlar yaradan qüdrətli ölkə kimi tanınır: “Bu reallıqlar fonunda hazırda ölkəmiz bütün sahələrdə inkişafa yönəlik addımları ilə diqqətdədir. Vətəndaş məmnunluğu prioritet məsələlərdəndir. Bələdiyyə institutunun inkişafı ilə əlaqədar hədəflərin reallaşdırılması isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Zahir Məmmədov, Zəki Emil, bələdiyyə üzvlüyünə namizədlər Valeriy Dallari və Vadim Quvasaari partiyanın seçki proqramı haqqında geniş məlumat verərək seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.