RU

Blinkenin kabinetindəki o sənəd və ya Rusiya Ermənistanın qaz ventilini qulaqsayağı buracaqmı?

Bu gün, yanvarın 14-ü, saat 22.00-da Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq haqqında saziş imzalanacaq.

Sözügedən sənədi ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq. Diqqət edin, yanvarın 13-də Co Bayden faktiki olaraq vida çıxışı edir, yeni prezident Donald Trampın Ağ Evə rəsmən ikinci dönəm qayıdışından və andiçməsindən bir həftə əvvəl Mirzoyan özünü Vaşinqtona yetirir və strateji əməkdaşlıq haqqında saziş imzalanır.

MİRZO

Bu gethagetdə nə ehtiyac var idi, sualı çoxlarını düşündürür.

Əslində anormallıq kimi görünür. “Döngələrdə atları dəyişməzlər” misalı var. Amma ABŞ-Ermənistan misalında bu deyim keçərli deyil. Çünki Ermənistan və erməniçilik üçün olduqca önəmli yerə, əhəmiyyətə malik olan Bayden administrasiyası hakimiyyətə vida edir. Tramp hakimiyyətindən isə ermənilərin “gözü su içmir”. Seçki kampaniyası dönəmində erməni diasporunun və Ermənistanın “bütün yumurtaları bir səbətə yığması”, birmənalı şəkildə Harrisi dəstəkləmələri bir sıra erməni ekspertləri də narahat etmişdi. Onlar seçkilərin nəticələrindən sonra dərhal hərəkətə keçməyə çağırış edirdilər. Kim Kardaşyandan tutmuş, Armen Qriqoryanadək hamısı narahatlıq keçirirdilər. Ona görə də Baydenin təhvil-təslim günlərində ABŞ ilə Ermənistan arasında gurultulu adı olan sazişin imzalanması erməniləri xeyli toxdadacaq sözsüz ki...

Yeri gəlmişkən, bir neçə gün əvvəl, konkret olaraq 9 yanvarda Dövlət Departamenti ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacağı barədə xəbəri təkzib etmişdi.

“Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur” - deyən DD sonradan niyə fikrini dəyişdi?

Bayden administrasiyasının Azərbaycana münasibəti bəllidir. Həmçinin ABŞ dövlət katibi Blinkenin. Azərbaycan Prezidenti ötən il təsadüfən onun adını ölkəmizə qarşı qətnamə layihəsi hazırlayanların başçısı olaraq çəkməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev bu müraciətdən bir gün sonra verdiyi açıqlamada Vaşinqtonu ölkəsinə qarşı yeni sanksiyalar hazırlamaqda ittiham edib.

İLHAMİ

Prezident İlham Əliyev Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə müraciət etmələrinə çox sərt reaksiya vermişdi. Sitat: “Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”.

Dövlət başçımız Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan 907-ci düzəlişlə bağlı iradlarını səsləndirməklə yanaşı, bütün bunları “düşmənçilik siyasəti” adlandırmışdı: “Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?… Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”

Bəli, artıq Blinken və digərləri ifşa olundular və gethagetdə Azərbaycana növbəti pisliklərini etmək üçün “erməni kartı”ndan istifadə etməyə qərar verdilər. Onu da xatırlayırıq ki, Bayden COP29 ərəfəsində israrla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışırdı. Bakıya və İrəvana məktublarında da yarımçıq sülh sənədini imzalamaq üçün az qala yalvarırdı. Azərbaycan Prezidenti qətiyyətli şəkildə sülh şərtlərinin hamısına əməl olunması zərurəti barədə prinsipial mövqeyini ortaya qoydu və Baydenin arzuları “suya düşdü”. Həm də bunun acığıdır İrəvanla imzalanan saziş...

Bu bir faktdır ki, Blinken və digərlərinin erməni diasporu ilə çox sıx əlaqələri var və bu əlaqələrdə başqa nüanslar da “söz sahibi” olub. Həm də erməni seçicilər, erməni lobbisi qarşısında vədlər var, hansısa maraqların qarşılığında. Gethagetdə Blinken Ermənistan üçün nəsə etməli idi. 2023-cü ilin noyabrında ABŞ Senatının “Erməniləri xilas” qətnaməsi işə yaramadı. 2024-cü ilin aprelində ABŞ ilə Avropa İttifaqının Ermənistanla hərbi paket imzalanması da baş tutmadı və olsa-olsa, gizlin şəkildə dəstəyin verilməsi, “Zvartnos”a hərbi təyinatlı yüklərin daşınması istiqamətində bir sıra cəhdlər oldu.

Odur ki, ermənilər günün birində Blinken və digərlərinin yaxasından tutub “pulumuzu ver”, tələbini irəli sürə bilərlər. 14 yanvar sazişi də olsun bunun qarşılığı. Xatırlayırsınız “ermənilərin nənəsi”ni, ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosini?

NENSİ.jpeg

2022-ci ilin sentyabrında Ermənistana səfər etdi, qondarma “soyqırım” abidəsi qarşısında göz yaşı axıtdı, erməni milyorderlərdən aldığı pulları göz yaşları ilə yumağa çalışdı. Blinkenin yolayrıcında erməni canfəşanlığı Pelosinin göz yaşlarını xatırladır. 30 il ərzində işğaldan əziyyət çəkmiş Azərbaycana qarşı növbəti dəfə “907”ni qəbul etdirməyə çalışan Blinkenin!

Rusiya kifayət qədər narahatdır. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığa sürət verməsi ilə paralel olaraq ABŞ-nin qucağında oturması Kremli hövsələdən çıxarıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən deyib ki, ABŞ Cənubi Qafqazda sabitliyi pozan rol oynayır və onun arxasınca yeni ölkələri sürükləməyə çalışır. ABŞ-nin mövqeyi və niyyəti bəllidir, amma Kreml niyə forpostuna bu qədər dözür, maraqlıdır... Mirzoyan ABŞ ilə saziş imzaladığı saatda, İrəvan vaxtı ilə gecənin yarısında Kreml Ermənistana verdiyi qazın ventilini bura bilər, “Soros uşaqları”nın qulaqları kimi...

Ermənistan heç şübhəsiz, bu sənədə Tramp administrasiyası ilə əlaqələr üçün körpü kimi baxır. Qəfil geridönüş, ermənisayağı manevr buna deyərlər.

TRAMPO.jpeg

Azərbaycan rəhbərliyinin Trampla münasibətləri, üstəlik, Trampın Türkiyə prezidenti ilə dostluq əlaqələri Ermənistan üçün ağrılı mənzərə idi. Düşünürlər ki, 14 yanvar gecəsi xilas olacaqlar. Olacaqlarmı? Əslində onları xilas etmək istəyən elə Azərbaycan və Türkiyədir, anlaya bilsələr. Amma doğru-dürüst xilaskarı tanımaq istəmirlər, qucaqdan-qucağa hoppanmağa, “maşa” rolunu oynamağa, satmağa adət ediblər... Konqresmenlərin anti-Azərbaycan müraciətinin hazırlandığı Blinkenin kabinetində imzalanacaq sazişin mətnini gözləyək...  

Избранный
5
musavat.com

1Источники