RU

Los Anceles yanğınları: Göydən yağan ÇƏHRAYI TOZUN SİRRİ

Los-Ancelesdə yanğınlarla mübarizə bir həftədən çoxdur ki, davam etdiyi halda, bir çox yerdə - yollarda, evlərin damlarında və avtomobillərdə görünən  parlaq qırmızı və çəhrayı tozlar artıq adi mənzərəyə çevrilib.

Los-Ancelesdə və ətrafında baş verən dörd yanğın nəticəsində 37 min hektardan çox ərazi külə dönüb, ən azı 24 nəfər ölüb, 23 nəfər hələ də itkin düşmüş sayılır. Yanğınların təsirinə məruz qalan ərazilər San-Fransisko şəhərindən daha böyük ərazini əhatə edir.

Davam edən yanğınların söndürülməsi üçün istifadə edilən çəhrayı toz alovun ətrafındakı bitki örtüyünə və yanma riski olan ərazilərə səpilərək alovun yayılmasının qarşısını alır.

1963-cü ildən istifadə olunur

Yanğın yavaşladan toz "Perimeter" adlı şirkət tərəfindən satılan və 1963-cü ildən ABŞ-da yanğınlarla mübarizədə istifadə edilən "Phos-Chek" adlı məhsuldur. Kaliforniya Meşə və Yanğından Mühafizə Departamenti (CAL FIRE) tərəfindən istifadə edilən və yanğını yavaşlatıcı təsirə malik olan bu məhsul indi daha çox diqqət çəksə də bütün dünyada istifadə olunur.

"Perimeter" şirkətindən verilən açıqlamada yanğının yenidən baş vermə ehtimalı olmadığı təqdirdə bu çəhrayı tozun tez bir zamanda təmizlənməsi tövsiyə edilib. Əks halda bu tozu tamamilə təmizləmək bir qədər çətinləşir. “Phos-Chek”in dəqiq formulası ictimaiyyətə açıq deyil. Amma şirkətin əvvəlki sənədlərinə görə, məhsulun tərkibi 80 faiz su, 14 faiz gübrə tipli duzlar və 6 faiz rəngləndirici və korroziya inhibitorlarından ibarətdir. Şirkət hesab edir ki, məhsulun rəngi həm pilotlar, həm də yanğınsöndürənlər üçün köməkdr. Bir neçə gün günəş işığına məruz qalan çəhrayı tozun rənginin daha sonra torpaq tonlarına çevrildiyi bildirilib.

ABŞ Meşə Xidmətinin məlumatına görə, bu maddələr alovun yayılma sürətini yavaşladır, yanacaqları soyudub örtməklə yanğını oksigendən məhrum edir və yanma sürətini azaldır. Digər tərəfdən, bu çəhrayı tozun ətraf mühitə təsiri keçmişdə müzakirə mövzusu olub. Meşə Xidmətinin keçmiş və yeni əməkdaşları tərəfindən yaradılan ABŞ Meşə Xidməti İşçilərinin Ətraf Mühit Etikası Assosiasiyası 2022-ci ildə açdığı davada ölkənin təmiz su qanunlarının təyyarədən atılan bu kimyəvi maddə ilə pozulduğu iddia edilib. Dərnək bu kimyəvi maddənin balıqları öldürdüyünü bildirib.

Meşə Xidməti bu il "Phos-Chek LC95" maddəsindən istifadə etməyi dayandırıb. Bunun əvəzinə təbiət üçün daha az zərərli olan "MVP-Fx" maddəsinə üstünlük verdiyini açıqlayıb. Bundan əlavə, Meşə Xidməti su yolları və nəsli kəsilməkdə olan növlərin yaşayış yerləri kimi həssas ekoloji ərazilərdə yanğın yavaşladan maddələrin istifadəsinə məcburi qadağa tətbiq edir.

Lakin bu qadağaya istisnalar insan həyatı və ya ictimai təhlükəsizliyin təhdid edildiyi hallarda verilə bilər.

Vüsal Cahanov, “İki sahil”

Избранный
24
22
ikisahil.az

10Источники