RU

Heyvandarlığa ciddi bəla gəlir- otlaq sahələri yox ola bilər...

Image

Akif Nəsirli: “Otlaq sahələrinin azalmasına əsas zərbə aqroparkların yaranması ilə vuruldu”

Ölkəmizdə kənd təsərrüfatı, o cümlədən, heyvandarlıq sahəsi sürətlə inkişaf edir, təsərrüfatlarda saxlanılan mal-qaranın sayı da durmadan artır. Lakin bunun fonunda respublikada otlaq ərazilərinin kəskin azalması problemi özünü göstərməkdədir. Bu məsələ Milli Məclisdə də müzakirə olunub. 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Razi Nurullayev bildirib ki, otlaq sahələri azalıb. Bunun səbəblərdən biri də bəzi ərazilərdə örüş sahələrinin düzgün bölüşdürülməməsidir. Otlaq sahələrinin azalması   heyvandarlığa təsir göstərir. Maraqlıdır, otlaq sahələrinin azalmasına səbəb nədir?

“2000-ci illərdən bəri Azərbaycanda otlaq sahələri kəskin şəkildə azalıb, bu da kənd təsərrüfatının heyvandarlıq seqmentini küncə sıxışdırır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2000-ci illərdən bəri Azərbaycanda otlaq sahələri kəskin şəkildə azalıb. Bu da kənd təsərrüfatının heyvandarlıq seqmentini küncə sıxışdırır. Bu da ət və digər heyvandarlıq məhsullarının satış qiymətinə təsir edir: “Otlaq sahələrinin azalmasının birinci səbəbi odur ki, 2000-ci ildə bələdiyyə yarandı və həmin sahələr qeyd edilən quruma verildi. Bələdiyyələr də həmin əraziləri satdı. Bu ərazilər satıldıqdan sonra bağ ya da   başqa sahə üçün istifadəyə verildi. Həmçinin, 2015-ci ildə pambıqçılıq strateji sahəyə çevrildi. Heyvandarlıq üçün nəzərdə tutulan qalan otlaq sahələrinin böyük əksəriyyəti pambıq və taxıla verildi. Hətta dəmyə -  suvarılmayan otlaqlarda belə pambıq və taxıl əkilməyə başlandı.  Daha sonra hökumət 2016-cı ildən başlayaraq aqroparklar yaratmağa başladı. Həmin aqroparkların böyük əksəriyyəti dövlət fonduna daxil olan otlaqlarda yarandı. Otlaq sahələrinin azalmasına əsas zərbə aqroparkların yaranması ilə vuruldu. Geniş torpaq sahəsi yalnız həmin ərazilərdə qalmışdı, onlarda otlaq kimi istifadə olunurdu. Qeyd edilən ərazilər zəbt olunandan sonra otlaq sahələri tamamilə sıradan çıxdı və bunun nəticəsində heyvandarlıqla məşğul olanların sayı ildən-ilə azalır. Artıq heyvandarlıq sahəsi eniş dövrünün pik həddindədir”

Günel CƏLİLOVA





Избранный
19
baki-xeber.com

1Источники