RU

Azərbaycan Suriyada terrorla mübarizəyə hansı formatlarda dəstək verəcək...

Image

Tural İsmayılov: "Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik ən yüksək səviyyədədir"

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsi zamanı dünya ilə, regionla, Yaxın Şərqlə bağlı bir sıra vacib məsələrə toxunub, mesajlar verib. 

Həmin müsahibədə jurnalistin "2024-cü il Qəzzada, Livanda müharibələrlə yadda qaldı, İran-İsrail gərginliyi oldu, Suriyada Bəşər Əsəd rejimi devrildi və hazırda da Yaxın Şərqdə bir Türkiyə amili var. Bu baxımdan istərdim, həmin bölgədə baş verənlərə Sizin münasibətinizi öyrənək" sözlərinə münasibət bildirən Azərbaycan Prezidenti deyib ki, Suriyada baş verən dəyişikliklərə müsbət yanaşır. Prezident Əliyev bildirib:"... Bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur. Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq. Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq".

Prezident yerli kanallara müsahibəsində bildirib ki, biz Suriyada Türkiyənin fəaliyyətinə, terrorla mübarizəsinə hər cür formatda dəstək verməyə hazırıq. Prezident Əliyev bununla nə demək istədi?

"Azərbaycan hər bir formada Türkiyənin terrorla mübarizəsini dəstəkləyir"

Siyasi ekspert Tural İsmayılov "Bakı-Xəbər" şərhində "Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik ən yüksək səviyyədədir. Cənab Prezident də bütün müsahibələrində, fikirlərində həmişə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyin əhəmiyyətindən bəhs edib. Özəlliklə "Şuşa" bəyannaməsinin imzalanmasından sonra bu əlaqələr daha da dərinləşib. "Şuşa" bəyannaməsinin maddələrindən biri də ondan ibarətdir ki, hər iki ölkəyə qarşı hansısa bir təxribat və yaxud da terror, başqa qeyri-leqal fəaliyyətlər həyata keçirilərsə bu zaman ölkələrin bir-birinə kömək etmək, eyni zamanda birinin digərinə qarşı hücumu öz ərazisinə olmuş kimi dəyərləndirmək hüquqları var" - deyə bildirdi.

T.İsmayılovun fikrincə, əlbəttə ki, "Şuşa" bəyannaməsindən sonra onsuz da yaxşı vəziyətdə və yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri bir addım da inkişaf etdi.

"Prezident İlham Əliyevin müsahibəsində vurğulanan məqam ondan ibarət idi ki, Azərbaycan Türkiyənin sərhədlərində terror yuvalarının olmasını istəmir. Bəllidir ki, bugünə qədər NATO-ya verdiyi böyük töhfələrə baxmayaraq, NATO üzvü olan ölkələrin bir çoxu Türkiyə ilə sərhədlərdə PKK separatçı, terrorçu təşkilatına və onun yarımfabrikat ünsürlərinin fəaliyyət göstərməyinə dəstəyə can atırlar. Hətta müxtəlif dövlətlərin PKK, YPG və PYD-ni dəstəklədiyini, onlara həm maddi, həm silah-sursat baxımından yardım etdiyini bilirik. Bunlar da, əlbəttə ki, Türkiyəyə qarşı olan xain planların növbəti təzahürlərindən biridir. Amma Azərbaycan hər bir formada Türkiyənin terrorla mübarizəsini dəstəkləyir. Ali Baş Komandanın timsalında yerli televiziya kanallarına müsahibədə də növbəti dəfə Azərbaycanın terrora qarşı mübarizədə həmişə Türkiyənin yanında olacağı xüsusi vurğulanır" - deyə T.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA





Избранный
12
baki-xeber.com

1Источники