Bu gün Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirildi.
Gecədə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı oldu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs etdi, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğuladı.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adından qurumun direktoru Azər Quliyev A.Kazımzadəyə təbriklərini çatdırdılar.
Tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Aydın Kazımzadənin çoxşaxəli fəaliyyətindən danışaraq, onun Azərbaycan kinosunun təbliğatı ilə bağlı xüsusi xidmətlərinin olduğunu qeyd etdi, 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında zəhmətini əsirgəmədiyini bildirdi. Sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist Etibar Babayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy yubilyara təbriklərini çatdırdılar, yeni tədqiqat işlərində ona uğurlar arzuladılar.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə yekun olaraq, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirdi