RU

Rəsmi İrəvanın sülhdən yayınma istəyi: “Ermənistan indiki məqamda Azərbaycanla təkbətək…”

“Azərbaycan faktiki olaraq Ermənistandan gələ biləcək bütün təhdidlərə ən sərt şəkildə cavab verməyə hazırdır”.

Bunu sülhlə bağlı müzakirələrin başladılması istəyi fonunda rəsmi İrəvanın təxribat xarakterli əməllərinin artması barədə danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Ermənistanın silahlanmasının sülh müqaviləsi kontekstində etimad mühitini zədələyəcək və gərginliyi artıra biləcək addım olduğunu bildirib:

“Fransadan, İrandan, Rusiyadan silahlar alsa da, Ermənistan indiki məqamda Azərbaycanla təkbətək müharibə aparmaq gücündə deyil. Çünki bu silahları istifadə edə biləcək kadr yoxdur. Belə olan təqdirdə, Ermənistanın hansısa müharibə aparacağı düşünülmür.

Təxribat ehtimalı hər zaman var, doğrudur. Çünki ortada sülh müqaviləsi yoxdur. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, gərginlik hər an arta bilər. Belə hallar əvvəl də olub, layiqli cavabı da alıblar. Azərbaycan ordusu qələbədən sonra eyforiyaya qapılmayıb, əksinə, öz üzərində daha da çox işləyib. Ali Baş Komandan İlham Əliyev də çıxışlarında qeyd edib ki, 2025-ci ildə ordu quruculuğu işləri davam edəcək.

Belə olan halda, deyə bilərik ki, Azərbaycan faktiki olaraq Ermənistandan gələ biləcək bütün təhdidlərə ən sərt şəkildə cavab verməyə hazırdır. Düzdür, bunun olmamasına ümid edirik. Çünki niyyətimiz regionda nə gərginliyin, nə də yeni eskalasiyanın baş verməsidir. Ermənistanla sülh müqaviləsinin imzalanması ilə Cənubi Qafqazda əmin-amanlığın bərqərar olmasında maraqlıyıq”.

Nəsimi Ələsgərli

Избранный
16
yenicag.az

1Источники