RU

Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

Image

Dörd ildən artıqdır ki, torpaqlarımız terrorçu Ermənistanın işğalından azad edilib. Amma erməni separatçılarından, işğalçılarından ərazilərimizdə mina "mirası" qalıb və bunun kökünü tamamilə kəsmək hələlik müşkülə çevrilib. 

Baxmayaraq ki, Azərbaycan bütün gücünü, resurslarını torpaqlarımızın minalardan təmizlənməsi üçün səfərbər edib, amma təəssüf ki, Ermənistanın mina xəritələrini verməməsi səbəbindən proses istənilən səviyyədə getmir. Təbii ki, burda beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin də məsuliyyəti az deyil, onların reaksiyası arzu olunan səviyyədə özünü göstərmir. 

Ermənistanın mina cinayətlərinə hələ dünya ictimaiyyəti lazımı reaksiya verməyib. Baxmayaraq ki, şəxsən Prezident İlham Əliyev ən yüksək səviyyədə bu məsələni dilə gətirib, beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı səssiz qalmamağa çağırıb. Qoşulmama Hərəkatı, COP29 tədbirləri çərçivəsində bu fakt bir daha beynəlxalq aləmin diqqətinə çatdırılıb. Ayrı-ayrı qurumlar səviyyəsində də bu məsələ beynəlxalq müstəvidə qaldırılıb. 

Yeri gəlmişkən, Azərbaycan mina problemini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb. O da, məlumdur ki Azərbaycan da daxil olmaqla dünyanın üçdə biri mina problemindən əziyyət çəkir. Bizim rəsmi müraciətlərimizdə qeyd olunur ki, beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycanı dəstəkləməlidir və Ermənistana təzyiqlər artırılmalıdır. 

Qeyd edək ki,  Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terrorundan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslər də əziyyət çəkir, hərbi qulluqçular da. O da məlumdur ki, həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut edir.

Rəsmi məlumata görə, 2020-ci ilin noyabrın 10-dan 2024-cü ilin oktyabrın 29-a qədər 381 nəfər mina qurbanı olub. Onlardan 70 nəfər həlak olub, 311-i isə xəsarət alıb. 1991-ci ildən bu yana isə ümumilikdə 3460 mina qurbanı olub ki, onların 359-u uşaq, 38-i isə qadındır. Göründüyü kimi, Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi mina terrorunun bütün bölgə üçün yaratdığı təhlükə göz qabağındadır. Terrorçu ölkə Azərbaycana minalanmış ərazilərin xəritələrini vermir və ölkəmizin səylərinə baxmayaraq, beynəlxalq aləm tərəfindən bu ölkəyə heç bir təzyiq  göstərilmir. 

Bilirik ki, Ermənistanın işğalı dövründə Azərbaycan Respublikasının ərazilərində  təxminən 1,5 milyon mina basdırılıb. 1, 5 milyon minanın ekoloji təsiri, insan həyatı üçün təhlükəsi göz önündədir. 

Ermənistanın mina cinayətləri cəzasız qalmayacaq... 

Təkcə dövlət qurumları deyil, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) da, xaricdə yaşayan Azərbaycan icmaları da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı davam etdirdiyi mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət ediblər.Q Bu müraciətlərdə beynəlxalq ictimaiyyəti Azərbaycan xalqı ilə həmrəy olmağa və bu məsələdə ona dəstək olmağa, həmçinin Ermənistanı heç bir hərbi zərurət olmadan mülki ərazilərdə minalardan məsuliyyətsiz və əsassız istifadəsinin nəticələrini yumşaltmaq üçün hərtərəfli əməkdaşlığa dəvət etməyə çağırış edirlər. Amma təəssüf ki bu məsələyə hələ lazımı reaksiya verilməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti də, ictimai qurumlar da, dünya azərbaycanlıları da bu istiqamətində fəaliyyətini davam etdirir, Ermənistanım hələ də davam edən mina terrorunu beynəlxaq müstəviyə daşıyırlar. Əlbəttə, Azərbaycan dövləti israrlıdır ki, Ermənistanistanın mina terrorunu tam ifşa edəcək və torpaqlarımızdan mina təhlükəsini siləcək. Dövlətə bu sahədə dəstək olan qurumlar da hesab edirlər ki, mübarizəni daim davam etdirəcəklər, o zamana qədərki Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab versin, cəzasını alsın. 

"Zaman gələcək, Ermənistanın bu əməllərinə də dünya ictimaiyyəti tərəfindən qiymət veriləcək"

Müstəqil ekspert Rauf Zeyni "Bakı-Xəbər" ə şərhində bildirdi ki, Azərbaycan bu istiqamətdə prinsipilal mövqe sərgiləyir və Ermənistanın mina cinayətlərinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə çalışır. R.Zeyni qeyd etdi ki, hələlik Ermənistanı dəstəkləyən qüvvələr bu terrorçu ölkəni müdafiə edir və buna görə də, Ermənistan bizə qarşı mina terrorunu davam etdirir, cəzasızlıq mühitindən istifadə edərək minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycan tərəfə təhvil verməkdən yayınır. 

"Dünya ictimaiyyəti Ermənistanın ərazilərimizi minalaşdırmasına, bu ölkənin mina cinayətlərinə lazımı reaksiya verməyib. Dünyada fəaliyyət göstərən beynəlxalq qurumları bir kənara qoyuram. Gəlin, Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını götürək, onların da bu mina terroru ilə bağlı bir reaksiyası olmayıb. Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə biz beynəlxalq konfranslarda ünsiyyətdə olanda bizə deyirdilər ki,  Serj Sarkisyan rejiminin bizi öldürməsindən qorxub nə qonşumuzun torpağının işğalına, nə terrora, nə soyqırıma münasibət bildirə bilmərik. Səsimizi çıxarsaq, Serj Sarkisyan rejimi bizi aradan götürər. Bunu Ermənistan QHT-ləri deyirdilər. Amma Sarkisyan rejimi sıradan çıxsa da, amma yenə də Ermənistanın qeyri-hökumət təşkilatları buna reaksiya vermirlər. O vaxt onlar bu məsələdən danışmayıb başqa məsələlərdən danışanda onlara deyirdik ki, sizin demokratiyadan, insan hüquqlarından, demokratik, bəşəri dəyərlərdən danışa bilmərsiniz, sizin buna haqqınız yoxdur. Çünki siz qonşunun torpaqlarının işğalı ilə 

bağlı münasibət bildirməmisiniz. Siz hansı haqqla gəlib beynəlxalq təşkilatlarda, beynəlxalq konfranslarda haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından danışırsınız. Biz onların cavabını vermişdik. 

Amma təəssüflər olsun ki, Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatlar, dövlətlər, xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müxtəlif sahələrdə bir-birinin tərəfini tuturlar. Əlbəttə ki, pulun qarşılığında və lobbiçiliyin müqabilində olur. Onlar heç vaxt nə mina terroru, nə də digər məsələlərlə bağlı Ermənistanı indiyə qədər ittiham etməyiblər. Ermənistana qarşı hər hansı bir münasibət bildirməyiblər. Ona görə də, məsələni düzgün qoymusuz. Bu gün Azərbaycan bu məsələni lazımı səviyyədə qaldırır. Zaman gələcək, Ermənistanın bu əməllərinə də dünya ictimaiyyəti tərəfindən qiymət veriləcək. Biz bu günü gözləyirik". 

R.Zeyni təəssüflə qeyd etdi ki, müharibənin başa çatmasından keçən dövr ərzində nəinki beynəlxalq qurumlar, eləcə də regional təşkilatlar belə, Ermənistanın mina cinayətlərinə reaksiya verməyib. 

"Təəssüflər olsun ki, bu günə qədər heç bir beynəlxalq təşkilat bu məsələyə münasibət bildirməyib, o cümlədən də Ermənistanda və region ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bununla bağlı mövqeyini görməmişik. Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən soyqırım, etnik təmizləmə, mina terroruna, eləcə də digər bəşəri cinayətlərə, ədalətsizliklərə münasibət bildirməyiblər. Amma zaman gələcək bu məsələlərin hamısı öz qaydasına düşəcək, öz hüquqi qiymətini alacaq. Düşünürəm ki, Ermənistanda bununla əlaqədar şəxslər öz layiqli cəzalarını da almalıdır. Çünki o mina terrorunu törədən şəxslər var və gələcəkdə onların da cəzalandırılacağına şübhə etmirəm. 

Ermənistanda elə bilirlər ki, onlar bu əməllərinə görə cəzasız qalacaqlar. Xeyr, elə deyil. Düzdür, məsələ gecikir, amma o gün uzaqda deyil". 

R.Zeyni əlavə etdi ki, Azərbaycan Ermənistanın mina terrorunu beynəlxalq təşkilatlara daşıyır, müxtəlif beynəlxalq platformalarda qaldırır və bizə bu yöndə dəstək çıxanlar da var. R.Zeyni hesab edir ki, biz erməni terrorunun qarşısını alana qədər mübarizəmizi aparacağıq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
7
baki-xeber.com

1Источники