RU

Azərbaycana xam palma yağı idxalı ilbəil artır- yağ nəyə sərf edilir?...

Image

Palma yağı ateroskleroz əmələ gətirən "pis xolesterini" və ürəyin işemik xəstəliyini artırır

Hazırda cəmiyyətdə palma yağının qida məhsulu kimi istifadə edilməsi ciddi araşdırma mövzusudur. Amma bununla eyni zamanda ölkəyə palma yağının idxalı ilbəil artır. Ötən ilin 10 ayı ərzində Azərbaycana 50 min tona yaxın palma yağı idxal edilib.

Belə ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 7.4% və ya 3 min 377 ton, dəyər ifadəsində isə 10.7% və ya 5.6 milyon ABŞ dolları artıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Hesabat dövründə palma yağının 1 kiloqramının orta idxal qiyməti 2 manat təşkil edib. Ölkəyə Malayziyadan 23 min 179 ton, İndoneziyadan isə 25 min 768 ton palma yağı gətirilib.

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə bərpa edilməsi mümkün olmayan zərər vurur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ilin əvvəlləridə dərc olunmuş hesabatını hazırlayan ekspertlər belə nəticəyə gəliblər.

Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.

Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın olduqca ucuz olmasıdır.

Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən edib.

Həkimlər iddia edir ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.

ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.

Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar. Qalan beş məqaləni isə palma yağı istehsalçilarının lobbi təşkilatları dərc edib.

Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib.

Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb. 1995-ci ildən 2017-ci ilədək olan müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.

Ötən ilin son iki ayını da ortalama götürsək, deməli, il ərzində Azərbaycana 60 min tona yaxın palma yağı gətirilib. İşin maraqlı tərəflərindən biri budur ki, istehsalçılar hazır yeməklərin və yarımfabrikantların üstündəki yarlıqda məhsulun tərkibində palma yağının olduğu barədə dəqiq məlumat yerləşdirmirlər. Bunun əvəzinə "bitki yağı" və ya "spred yağ" ifadəsindən istifadə edilir ki, bu da istehlakçıları çaşdırır. Bizim bu palma yağindan istifadə edən istehsalçilara bir sualımız var: palma yağı belə faydalıdırsa, onun adını nəyə görə məhsulun tərkibində göstərmək istəmirsiniz?

Məlumat üçün bildirək ki, palma yağı yalnız ucuz olduğuna görə qida sənayesi istehsalçılarının diqqətini cəlb edir. Bu gün Amerika birjalarında palma yağının bir tonu 1047 dollar təşkil edir ki, bunun da 1 kiloqramı 1 manat 28 qəpiyə bərabərdir. Dünya ölkələrində palma yağı əsasən hazır və yarımfabrikant qidaların istehsalında istifadə edirlir. Azərbaycan sahibkarları isə bir qədər də qabağa gedərək, palma yağını həm də xaricdən idxal edilən kərə yağının tərkibinə qarışdırırlar. Ona görə də idxal edilən bütün növ kərə yağları ölkə daxilində qablaşdırılır. Ortaya sual qoyan yoxdur ki, nəyə görə xaricdən qablaşdırılmış kərə yağı idxal edilmir? Bu yalnız sahibkarların kərə yağının tərkibinə palma yağı əlavə etmək üsulundan başqa bir şey deyil.

Hətta bəzi sahibkarlar palma yağından ucuz "kərə yağı" da hazırlayırlar. Bundan başqa, bütün ağartı məhsullarının hazırlanmasında əsasən palma yağından istifadə edilir.

Bu yağdan geniş istifadə ölkədə müxtəlif xəstəliklərin yayılmasına şərait yaradır. Ona görə də ölkəyə palma yağının qida məhsulu kimi idxal edilməsi qadağan edilməlidir.

Məlumat üçün qeyd edək ki, Azərbaycana idxal edilən bütün palma yağının hamısı gömrükdə qida məhsulu kimi qeydiyyatdan keçir. Nəzərə alsaq ki, ölkədə faktiki olaraq 7 milyona yaxın əhali yaşayır, deməli ötən ilə hər bir vətəndaşınız orta hesabla 7-8 kq palma yağı yeyib. Bu o deməkdir ki, ölkə əhalisinin tələbatının tən yarısını palma yağı qarşılayır. Mütəxəssislərin fikrincə, il ərzində bu qədər palma yağının qəbulu isə orqanizmdə müxtəlif xəstəliklərin inkişaf etməsi üçun kifayətdir.

Akif NƏSİRLİ





Избранный
11
baki-xeber.com

1Источники