Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası olub.
Toplantıda AMEA-nın 80 illik yubileyi ilə bağlı Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib.
Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.
Bölmənin sədri akademik Fuad Əliyev iclasda tədbirlər planının müddəaları və onların həyata keçirilməsi üçün müvafiq vəzifələr haqqında danışıb. Bölmədə bu əlamətdar tarixə həsr edilən monoqrafiyaların hazırlanması üzrə aparılan işlərin vəziyyəti müzakirə mövzusu olub. Bu baxımdan AMEA-nın Gəncə Bölməsinin elmi və elmi-təşkilatı fəaliyyətini (1981-2024-cü illər ərzində) əks etdirən elmi əsərin ərsəyə gəlməsini və bu monoqrafiyada Azərbaycanın sosial-iqtisadi inkişafı üçün bölgələrimizin elmi potensialının yüksəldilməsi üzrə görülən işlərin öz əksini tapmasının vacibliyi qeyd edilib.
Yubiley münasibətilə “Qərb bölgəsinin elm fədailəri”, “Gəncə incəsənəti”, “Gəncə şəhərinin tarixi”, “Qərb bölgəsinin kimya sənayesi”, “Nizami Gəncəvinin yubileyləri: Heydər Əliyevdən İlham Əliyevə” adlı monoqrafiyaların hazırlanacağı bildirilib. Bundan əlavə, AMEA-nın Gəncə Bölməsində bir sıra elmi forumlar da təşkil olunacaq. Həmçinin “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri”, “Azərbaycan ədəbiyyatı tarixində Gəncə”, “Gəncədən başlayan dövlətçilik salnaməsi”, “AMEA - 80”, “Qərb bölgəsində elmin fundamental inkişafının təmin olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən strateji düşüncəsinin məhsuludur”, “AMEA Gəncə Bölməsi və Gəncənin elmi-ədəbi mühiti”, “Nizami Gəncəvi, Əlişir Nəvai və Həmid Araslı”, Azərbaycanlı alim Hacı Zeynalabdin Şirvaninin əsərlərində Gəncə təəssüratları”, “Qərb bölgəsindəki arxeoloji tədqiqatlar” mövzularında konfrans və dəyirmi masalar keçiriləcək.