Fransanın Əlcəzairlə münasibətlərinin son dövrlərdə daha da kəskinləşməsi müşahidə edilir. Dualemn ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirir. Bu günlərdə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən Dualemn dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib.
Qeyd edək ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin – Dualemnin deportasiya edilməsi və dərhal geri qaytarılması isə diplomatik münasibətləri daha da gərginləşdirib. Fransa tərəfindən günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemn 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş 2 uşaq atası olduğu bildirilib. Əlcəzairin bu reaksiyası qarşısında Fransa daxili işlər naziri Bruno Retayo qeyd edib ki, influenseri qəbul etməməklə Əlcəzair Parisi alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə Bruno Retayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb. Əlcəzairdən qaytarılan influenser Fransada həbs edilib. “Franceinfo”nun məlumatına görə, influenserin vəkilləri bu qərara etirazlarını bildirib və Paris Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyiblər. Belə bir vaxtda Fransanın ədliyyə naziri Jeral Darmanən diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa və viza rejimi tətbiq etməyə çağırıb. Paris ilə Əlcəzair arasında diplomatik gərginliyin artması ilə bağlı sualını cavablandıran ədliyyə naziri Darmanən 2013-cü il tarixli Fransa-Əlcəzair hökumətlərarası sazişinin ləğv edilməsini istədiyini bildirib. O qeyd edib ki, daxili işlər nazirinin dediyi kimi, Fransanı alçaltmaq mövqeyi tutan Əlcəzairin qərar qəbul edən bir çox liderlərinə qarşı belə bir tədbir görmək daha səmərəli olar. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın “eskalasiya” və “alçaldılma" ittihamlarını rədd edərək, bu Dualemnin qovulmasının “özbaşınalıq və təhqiramiz olduğunu” söyləyib. Darmanən bu fonda bildirib: “Onlar haqlıdırlar, biz onlara hörmət etməliyik. Amma onlar da bizə hörmət etməlidirlər. Əlcəzair Fransaya hörmət etməlidir, Fransa da Əlcəzairə hörmət etməlidir. Biz çox kritik bir məqamdayıq və alçaldılmış vəziyyətdəyik. Onların bizi məruz qoymaq istədikləri bu rüsvayçılıq qəbuledilməzdir”. Bir neçə gün əvvəl sabiq baş nazir Qabriel Attal isə əlcəzairlilərə Fransada hərəkət, yaşayış və məşğulluq baxımından xüsusi status verən 1968-ci il müqaviləsinin ləğv olunmasını tələb etmişdi. Darmanən buna da toxunub: “Bu müqaviləni ləğv edə, ona yenidən baxa bilərik. Bu müqavilə dörd dəfə yenidən nəzərdən keçirilib, eləcə də bir az köhnəlib”.
Öz növbəsində, Fransanın xarici ərazilər üzrə naziri Manuel Valls Əlcəzairin Fransa ilə gərginliyi artırmağa davam edəcəyi təqdirdə çox şey itirəcəyi ilə hədələyərək, bu yanaşmanın ikitərəfli əlaqələrə zərər verdiyini və həm ölkə daxilində, həm də xaricində əlcəzairlilərə mənfi təsir göstərdiyini bildirib. Fransanın “BFM TV” kanalına verdiyi müsahibədə Valls Əlcəzair hökumətinin bu eskalasiyanı gücləndirməyə davam etməsinin qəbuledilməz olduğunu bildirib və bu davranışın arxasında duran motivi şübhə altına alıb: “Bu davranışın daxili üstünlüklər əldə etmək cəhdi deyilsə, mənası nədir ?”. Valls Fransanın Əlcəzairə təzyiq göstərmək üçün inkişaf yardımını azaltmaq və ya viza məhdudiyyətləri tətbiq etmək kimi addımlar ata biləcəyinə diqqət çəkərək hədələrini davam etdirib. Əlcəzair parlamenti artıq Fransa hakimiyyətini beynəlxalq münasibətlərin prinsiplərinə hörmət etməyə çağırıb. Bütün bunlara cavab olaraq, keçmiş Əlcəzair diplomatı Əbdüləziz Rahabi Fransa xarici işlər və daxili işlər nazirlərinin Əlcəzairə qarşı qəbul etdiyi hərbi tonu təkəbbürlü olduğunu tənqid edib. O, bunu əsl diplomatik böhrandan daha çox “axmaqların rəqsi”nə daha yaxın adlandırıb və “Əlcəzair fobiyası”ndan əziyyət çəkənlərin səfərbər olunmasına haqq qazandırmaq üçün heç bir ciddi səbəbin olmadığını qeyd edib. Rahabi X platformasındakı bir tvitində izah edib ki, Fransa səlahiyyətliləri, bu yanaşmanın iki ölkə arasında suverenlik mövzusunda təkrarlanan böhranlara və toqquşmalara səbəb olacağını bilmədən Əlcəzairi siyasi gündəmlərində prioritet məsələyə çevirməyə müvəffəq olublar. O əlavə edib ki, Fransa, Almaniya və İtaliya kimi müstəmləkə və ya faşist tarixləri olan ölkələrdə populizmin artması bu ölkələrdəki nüfuzlu siyasi, sosial və media elitaları arasında mənfi xatirələrin artmasına səbəb olub. Burada onu da qeyd edək ki, Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur. Fransanın öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olması da bunun təsdiqidir. Afrika ölkələri öz ərazilərində Fransa qoşunlarının yerləşdirilməsindən kütləvi şəkildə imtina edir. Fransa hərbçiləri dəfələrlə həddindən artıq güc tətbiq etməkdə ittiham olunublar ki, bu da müxtəlif Afrika ölkələrində mülki əhali arasında tələfata səbəb olub. İndi Fransanın bu siyasətini davam etdirmək cəhdi hansısa səmərə vermir. Lakin Paris şantajlarından da əl çəkmir.
Nahid SALAYEV