RU

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

Türkiyənin ətraf mühit sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkənin 2024-cü ildə ətraf mühit gündəminin təhlil olunduğu birgə hesabatı açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, Türkiyənin 16 qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənən sənəddə Türkiyə hakimiyyətinin 2035-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünü dörd dəfə artırmaq məqsədi alqışlanır. Eyni zamanda, bu hədəfin Türkiyənin son MSMT-də (milli səviyyədə müəyyən edilmiş töhfədə) əks olunmaması faktı tənqid edilir.

Hesabatın müəllifləri Türkiyə hökumət rəsmilərinin COP29 çərçivəsində səsləndirdiyi başqa bir məqsədin, yəni 2050-ci ilə qədər ölkənin nüvə enerjisi potensialının üç dəfə artırılmasının mümkünlüyünü şübhə altına alıblar. Ekoloqlar ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu” tərəfindən istehsal ediləcək elektrik enerjisinə olan yüksək tariflərə diqqət çəkərək, bərpaolunan enerji mənbələrinə investisiyaları “daha səmərəli” adlandırıblar.

Hesabat müəllifləri kömürlə işləyən “Afşin-Elbistan” İES-in genişləndirilməsi məsələsində ölkə hakimiyyətinin mövqeyindən narazı qalıblar. Hesabatda qeyd olunur ki, bu istilik elektrik stansiyasından atılan tullantıların həcmi artıq yol verilən normaları 8 dəfə üstələyir.

Qara metallurgiya müəssisələrində, sement və gübrə istehsalında atmosferə zərərli tullantıların azaldılması üzrə konkret planların olmaması da qeyd olunub.

QHT-lər hökuməti ən qısa zamanda yeni Ətraf Mühit Qanunu layihəsini parlamentə təqdim etməyə və qazıntı yanacağın mərhələli şəkildə imtina edilməsi prosesinə başlamağa çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
5
2
xalqqazeti.az

3Источники