İngiltərənin “Arsenal” klubunun 27 yaşlı braziliyalı mərkəz hücumçusu Qabriel Jezus cari mövsümü erkən başa vurub.
Arena.az xəbər verir ki, o, İngiltərə Kubokunun 1/32 finalında “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunda zədələnmişdi.
Sözügedən matçın ilk hissəsində zədə alan braziliyalı oyunçu meydanı xərəkdə tərk etmişdi. 27 yaşlı hücumçunun dizinin ön çarpaz bağı qopmuşdu. Bu gün keçirilmiş ətraflı müayinələrdən sonra futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Xatırladaq ki, Qabriel Jezus Braziliyanın “Palmeyras” klubunun yetirməsidir. Braziliyalı hücumçunun Avropa karyerası “Mançester Siti”də başlayıb. O, “Arsenal”a 2022-ci ilin iyulunda 52,2 milyon avro məbləğ müqabilində elə, “şəhərlilər”in düşərgəsindən keçib.
“Qabbi”nin “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Jezus “topçular”ın heyətində bütün yarışlarda 27 oyuna 7 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Jezus “Arsenal”ın heyətində ümumilikdə 96 oyun keçirib, 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Qabriel Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.