RU

İran Azərbaycana qarşı təxribatları artıracaq – ŞOK AÇIQLAMA

Məlum olduğu kimi İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Cəbəl Amulin Azərbaycanı vaxtaşırı təhqir edir. Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində Amulinin cəzalandırılmasını gözlədiyini bildirib və topu İran hakimiyyətinin meydançasına atıb.

Tehrandan Bakıya nə cavab gələcək? Səfirliyimizdə terror edən şəxs kimi bunu da gizlədəcklər, cəzadan yayındıracaqlar? Əyalət mollası cəzalandırılacaqmı?

Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, İran və Azərbaycan arasında tez-tez müəyyən narahatlıqlar olur:

“Son 5 ildə bu narahatlıqların ən pik nöqtəsi Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının baş verməsi və nəticədə səfirlik əməkdaşımızın şəhid olması idi. Bu hadisə İran-Azərbaycan münasibətlərində mövcud olan digər gərgin çalarları da aşkara çıxardı.

Yeganə Hacıyeva

Sözügedən hadisəni daxildəki dini radikal qruplara bağlı şəxslərin həyata keçirdiyinə dair təəssüratların olmasına baxmayaraq rəsmi İran məsələni fərqli kontekstlərdən şərh etməyə və həll etməyə çalışır.

Birincisi, məişət hadisəsi kimi, ikincisi isə dini radikal qüvvələrə bağlı şəxslərin işi kimi qələmə verirlər.

İzahın nə olmasından asılı olmayaraq İran hökumətinin bu cinayəti ört-basdır etmək təşəbbüsləri sifarişin daha dərindən gəlməsi ilə bağlı təəssüratları möhkəmləndirir.

Azərbaycanın bu gün də həmin məsələ ilə bağlı cavabını tapmayan çox sayda sualları var. Fikrimcə, rəsmi Bakının səsləndirmədiyi tələblərin içində təzminat mövcuddur. Faktiki olaraq diplomatik nümayəndəliyə və nümayəndələrə qarşı bu terror aktı beynəlxalq konversiyalara zidd idi. Amma əlavə, həm də digər yazılmamış qanunlar var. Belə ki, həmin cinayəti törədən tərəflər iri həcmli təzminatlar ödəməlidir ki, bu kimi hallara bir də əl atılmasın. Məsələn, Rusiyanın Türkiyədəki səfirinin öldürülməsindən sonra atılan addımlar buna nümunədir.

Sözügedən terror aktının üçüncü qüvvələr tərəfindən həyata keçirildiyinə dair ehtimallar da var . Lakin İranın bu məsələdə mövcud yanaşması və nümayiş etdirdiyi davranış bu ehtimalları ikinci plana keçirir”.

Politoloqun sözlərinə görə, İran rəsmilərinin Azərbaycana qarşı kəskin, sərt və təhqir xarakterli çıxışları ilk deyil:

“Vaxtaşırı yer alan bu kimi açıqlamalar layiqli cavabını da alır. Hazırda bu tərz fikirlər artan sürətlə səslənməkdədir. Suriyada baş verənlərdən sonra, regional proksi təsisatlarının domino effekti ilə çökməsi prosesi izlənməkdədir. Bunun fonunda İranın aqressiv davranışı da artır, çünki halqanın daralmasını hiss edir.

Ümumiyyətlə, İranın hansısa şəhərinin hansısa mollasına verilən cavab ağalarının yanında onun çəkisini və yükünü qaldırır. Onu söz sahibi olan, İranın xarici siyasətinə təsir edə bilən dini və ya hərbi lider kimi qələmə verir. Bunu da görən digəriləri şirniklənir və eyni addımları atmaq istəyir. Nəticədə Azərbaycanı təhqir etmək üçün sıraya düzülürlər. Azərbaycan Prezidentinin çıxışı heç bir halda İran daxili qrupların, mollaların və s. səsləndirdiyi ifadələrə aid deyil və ifadə azadlıqlarına qarşı yönəlməmişdi. Hanısa mollanın və ya Ayətullah Xameneinin hansısa üçüncü sinif nümayəndəsinin sözü Azərbaycanı narahat etmir. Etiraz bu ifadələrin, təhqirlərin İran rəsmi televiziyaları vasitəsilə tirajlanmasına aid idi. Əyalət mollasının cəzalandırılmasına gəlincə, bu, gözlənilmir. Əksinə, bu kimi hadisələrdən sonra onlar qəhrəmanlaşdırılırlar”.

Türkiyəli politoloq Yücəl Karauz isə qeyd edib ki, Seyid Həsən Cəbəl Amulin öz sahibinin fikrini səsləndirir:

Yücəl Karauz

“Cismən danışan Ərdəbildəki nümayəndədir, lakin əsas danışan isə İranın ali dini lideridir. İranın ali dini lideri iki ölkə arasında münasibətlərin normallaşmasını istəmir. Məlum olduğu kimi İranın mərhum Prezidenti İbrahim Rəisi qəza nəticəsində həyatını itirdi. Bu günkü yanaşmanı İran daxili siyasətinin hesablaşması kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin Azərbaycana qarşı təhqir səsləndirən mollanı cəzalandırılması tələbi isə yerinə yetirilməyəcək. Bu istiqamətdə İranın atacağı addımlar isə simvolik xarakter daşıyacaq. Çünki İranın hazırkı aparıcı şəxsləri Azərbaycan və İran arasında münasibətlərin normallaşmasını istəmirlər”.

Politoloqun sözlərinə görə, ali dini lider və ətrafı, İran-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında maraqlı deyil:

“Eynən səfirlik məsələsində olduğu kimi simvolik tədbir görüləcək. Lakin əsas addımlar atılmayacaq. 1988-ci ildən bəri Azərbaycana qarşı regional və ikili münasibətlər kontekstində tutduqları yanlış mövqeyi hələ də davam etdirirlər. İllərdir ki, bu siyasəti xalqı ayağa qaldırmaq məqsədi ilə yürüdürlər. Ermənistana verilən dəstək, bölgəyə sülh və sabitliyin gəlməsini istəməmələri də buna nümunədir. Azərbaycan nə qədər müsbət, humanist addımlar atsa, heç vaxt İranın ərazi bütövlüyü, daxili məsələlərinə qarışmasa da rəsmi Tehran təəssüf ki, havadarlarının əli ilə təxribatlar törətməkdən çəkinmir”.

Yücəl Karauzun sözlərinə görə, həmin təxribatlar yaxın günlərdə daha da artacaq:

“İranı Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlərdən çəkinməyə çağırıram. Mövcud problemləri ölkələrimiz üçün sülh və sabitlik çərçivəsində birgə həll etməyin yollarını tapmaq lazımdır. Əgər İran məsələyə yanaşmanın düzgün sərgiləməsə, Suriyada və İraqda yaşadığı taleyi yaşayacaq”.

İranlı politoloq Əmir Məhəmmədi Çahak isə məsələyə belə münasibət bildirib:

emir

Əmir Məhəmmədi Çahak

“Qaldırdığınız mövzu, şübhəsiz ki, maraq doğurur və diqqət tələb edir. Lakin indiki məqamda hesab edirəm ki, sözügedən konkret hadisə İranla Azərbaycan arasında münasibətlərdə əsas amil kimi qəbul edilməməlidir.

Ölkələrimiz arasında əməkdaşlıq iqtisadi qarşılıqlı fəaliyyət, nəqliyyat dəhlizləri, enerji və mədəni mübadilə kimi daha geniş və əhəmiyyətli aspektləri əhatə edir. Məhz bu strateji istiqamətlər ikitərəfli münasibətlərin xarakterini müəyyən edir və buna diqqət ayrılmalıdır.

Eyni zamanda bu kimi hadisələr də diqqətdən kənarda qalmamalı və günahkarların cəzalandırılacağını güman etmək olar. Lakin İran və Azərbaycanın gündəmini formalaşdıran daha mühüm məsələlərdən diqqəti yayındırmamaq üçün bu kimi halları həddindən artıq siyasiləşdirməkdən çəkinmək lazımdır”.

Избранный
3
2
editor.az

3Источники